REGİONLAR
Tibb Kollecinin tələbələri Naxçıvan Dövlət Universitetində olublar
Naxçıvan, 3 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsində kadr hazırlığının vəziyyəti və maddi-texniki baza ilə tanışlıqdan sonra fakültədə “Naxçıvan Muxtar Respublikasında Tibbi kadr hazırlığında Tibb fakültəsinin və Tibb Kollecinin rolu” mövzusunda tədbir olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin rektoru Elbrus İsayev ilk dəfə keçirilən görüşün əhəmiyyətini vurğulayıb, müasir dövrdə ixtisaslı kadr hazırlığının vacibliyini qeyd edib. Bildirib ki, görüşün əsas məqsədi orta ixtisas təhsilini bitirən tələbələrə gələcəkdə ali təhsil seçimi zamanı kömək etmək, tələbələrdə ali təhsil ocağı haqqında geniş təsəvvür yaratmaqdır.
“20 il əvvəl əsası qoyulan fakültənin fəaliyyətinin hazırda günün tələbləri səviyyəsində qurulması məsuliyyətimizi daha da artırır”, - deyən rektor qeyd edib ki, tələbələr muxtar respublikada fəaliyyət göstərən xəstəxanalarda təcrübə keçməklə ixtisaslı tibbi kadr kimi formalaşırlar.
Naxçıvanda səhiyyənin inkişafından danışan muxtar respublikanın səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün səhiyyə sahəsinə göstərilən yüksək qayğı nəticəsində muxtar respublikanın şəhər, rayon və kəndlərində ən müasir standartlara cavab verən xəstəxana, həkim-ambulatoriyası, feldşer-mama məntəqələri əhaliyə keyfiyyətli tibbi xidmət göstərir. Bütün bunlarla yanaşı, kadr hazırlığının daim diqqətdə saxlandığını deyən nazir vurğulayıb ki, bu istiqamətdə aparılan ardıcıl işlər nəticəsində təhsil ocaqları və səhiyyə müəssisələri arasında əməkdaşlıq yüksək səviyyədə qurulub.
Tibb Kollecinin direktoru Sona Məmmədova, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov muxtar respublikada tibbi kadrların hazırlığından danışıblar.
Qeyd olunub ki, NDU 2021-2022-ci tədris ili üzrə ilk dəfə olaraq Hərbi tibb ixtisası üzrə kadr hazırlığı həyata keçirəcək və universitet gələcəkdə hərbi tibb işçilərinin yetişməsinə öz töhfəsini verəcək.
Tədbirin sonunda fakültə haqqında videoçarxa baxış olub.