CƏMİYYƏT
Tibb Universiteti ilə Türkiyənin Malatya Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli Türkiyənin Malatya İnönü Universitetinin Qaraciyər Nəqli İnstitutunun rəhbəri, professor Sezai Yılmazla görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Gəray Gəraybəyli universitetin Tədris Cərrahiyyə Klinikasında keçirilmiş “V Bakı-Malatya Orqan Transplantasiya Günləri”nin keçirilməsinin ənənə halını aldığını bildirib. G.Gəraybəyli hər il belə konfransların təşkilinin iki qardaş dövlətin ali məktəbləri arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunun göstəricisi olduğunu qeyd edib. Rektor budəfəki konfransın ATU-nun I cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunduğunu vurğulayıb və iki universitet arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyindən əminliyini ifadə edib.
Türkiyəli professor Sezai Yılmaz dəfələrlə Azərbaycanda olduğunu, Tibb Universitetində keçirilən konfranslarda iştirak etdiyini bildirib. Qonaq Azərbaycan və Türkiyə arasında dövlət səviyyəsində tibb sahəsində əlaqələrin geniş olduğunu da qeyd edib.
Görüşdə Azərbaycan və Türkiyənin tibb mütəxəssisləri arasında əməkdaşlıq məsələləri, əlaqələrin möhkəmlənməsi üçün qanunvericiliyə təkliflər barədə fikir mübadiləsi aparılıb.
ATU-nun I cərrahiyyə xəstəliklər kafedrasının müdiri, transplantoloq, professor Nuru Bayramov universitetdə orqan köçürülməsi ilə bağlı aparılan işlər, həyata keçirilən əməliyyatlar barədə məlumat verib.