CƏMİYYƏT
Tibb Universitetində 20 Yanvar şəhidləri yad edilib
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrindən 31 il keçir. Qanlı hadisənin növbəti ildönümü ərəfəsində Azərbaycan Tibb Universitetində (ATU) faciə qurbanlarının xatirəsi anılıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ATU rəhbərliyi universitetin həyətində şəhid tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyub, onların xatirəsini ehtiramla yad edib.
Universitetin rektoru, professor Gəray Gəraybəyli keçmiş SSRİ Silahlı Qüvvələrinin həyata keçirdiyi bu qanlı aksiyanı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirib. Rektor qeyd edib ki, həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Rektor Vətən müharibəsi şəhidlərinin də xatirəsini anıb, şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlara Allahdan rəhmət diləyib.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda keçmiş sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın hadisəsi törədilib. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 147 mülki vətəndaş qətlə yetirilib, 600-dən çox insan yaralanıb, 800-dən çox insan isə qanunsuz həbs edilib. Amansızcasına qətlə yetirilənlər arasında beş millətin nümayəndəsi, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlar, qadınlar, qocalar, əlilliyi olan şəxslər də vardı. 31 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı kimi qiymətləndirilir.