CƏMİYYƏT
Tibb Universitetində Novruz bayramı qeyd edilib
Bakı, 19 mart, AZƏRTAC
Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Tibb Universitetində (ATU) də qeyd olunub.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən şənlikdə universitetin rektoru, professor Gəray Gəraybəyli tədbir iştirakçılarını görməkdən məmnunluğunu vurğulayıb. Xalqımızın səbirsizliklə gözlədiyi Novruz bayramının müasir Azərbaycanın banisi, ulu öndərimiz Heydər Əliyev tərəfindən dövlət səviyyəli bir bayrama yüksəldildiyini söyləyən rektor səmimi arzularını tədbir iştirakçıları ilə bölüşüb: “Novruz bayramı xalqımızın, elimizin ən vacib və çox sevilən bayramlarındandır. Çünki bu bayram təbiətə, hər bir insana oyanış, tərəqqi bəxş edir. Məhz bu baharda, aprelin 11-də keçiriləcək növbəti prezident seçkilərində öz sözümüzü deyəcəyik və Azərbaycanın inkişafına səs verəcəyik.
Mən sizi bu böyük bayram münasibətilə təbrik edir, hər birinizin ailəsinə, yaxınlarına cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Hər birinizin ailəsində, qəlbinizdə daim bahar olsun. Bir daha bayramınız mübarək”.
Bayram şənliyi bədii hissə ilə davam etdirilib.
Tədbirdə ABŞ-ın Viskonsin Lakers Universitetinin professoru Robert Jeklin, Qazaxıstandan ATU-ya elmi ezamiyyətə gəlmiş nümayəndə heyəti iştirak edib.