CƏMİYYƏT


Tibb Universitetində “Qarabağ: Əcdadlarımızın mirası” filmi təqdim olunub

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və universitetin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Qarabağ: Əcdadlarımızın mirası” filminin təqdimatı olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tarixboyu xalqımıza qarşı törədilmiş faciələr haqqında danışıb. Prorektor 28 il əvvəl törədilmiş Xocalı soyqırımı, həmin amansız qətliamın baş verməsi, qurbanları barəsində tələbələrə məlumat verib. O, gənclərin keçmişi unutmamasının və vətənpərvər olmasının vacibliyini qeyd edib. Bildirib ki, dövlət başçısının apardığı siyasət nəticəsində torpaqlarımız tezliklə düşmən tapdağı altından azad olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi ölkəmizin beynəlxalq ictimaiyyətdə mövqeyini daha da gücləndirib.

Sonra “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin nümayişi olub. Azərbaycan, ingilis və rus dillərində istehsal edilən “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filmi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunmasına həsr edilib. Filmin əsas məqsədi həmin məlumatları dünya ictimaiyyətinə obyektiv çatdırmaqdır. Film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Nümayiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin keçirdiyi silsilə tədbirlər əsasında növbəti tədbir kimi Azərbaycan Tibb Universitetində keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.