CƏMİYYƏT
Tibb Universitetində ÜST-nin nümayəndələri ilə görüş keçirilib
Sertifikatlaşdırma missiyası Azərbaycana malyariyadan azad ölkə statusunun verilməsi üçün araşdırmalar aparır
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 3-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Malyariya qrupu Azərbaycanda səfərdədir. Qrupun əsas məqsədi Azərbaycana malyariyadan azad ölkə statusunun verilməsi üçün bu istiqamətdə araşdırma aparmaqdır.
Qeyd edək ki, ÜST ölkəmizdə ilkin sertifikatlaşdırma missiyasını bu il mayın 16-dan 20-nə qədər həyata keçirib. İyunda isə Azərbaycan Səhiyyə Nazirliyi Milli eliminasiya hesabatını Qlobal Malyariya Proqramına təqdim edib. Bu səbəbdən müstəqil araşdırma qrupunun rəhbəri Keith Carter və qrup üzvü Reza Majdraden, Azərbaycan üzrə Qlobal Malyariya Proqramının Eliminasiya şöbəsinin müdiri Elxan Qasımov, ictimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov Azərbaycan Tibb Universitetində (ATU) olublar.
AZƏRTAC ATU-ya istinadla bildirir ki, universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov qrup rəhbərinə universitetin tarixi və fəaliyyəti barədə geniş məlumat verib. Universitetin məzunlarının Avropanın nüfuzlu klinikalarında çalışdığını, bu yaxınlarda proqramların beynəlxalq akkreditasiyadan keçdiyini bildirən prorektor, bu səbəbdən ATU-da təhsil almaq üçün müraciət edən xarici vətəndaşların sayının ilbəil artdığını qeyd edib: “Hazırda 2 min 500-dən artıq əcnəbi şəxs ATU-da təhsil alır. Dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrimiz var. Bu universitetlərlə elmi-praktik, müəllim-tələbə mübadiləsi aparırıq. O cümlədən ÜST ilə də müqaviləmiz mövcuddur və bu təşkilatla qarşılıqlı əməkdaşlıq şəraitində əlaqələrimizi davam etdiririk”.
Prorektor eyni zamanda malyariya xəstəliyi ilə bağlı ölkəmizdəki əvvəlki durum və bu istiqamətdə aparılan gərgin mübarizədən söhbət açıb. Aparılan mübarizənin effektiv təsiri nəticəsində malyariya xəstəliyinin 2013-cü ildən etibarən kökünün kəsildiyini bildirib, son 3 ildə isə ümumiyyətlə qeydə alınmadığını vurğulayıb.
Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev, Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, Tibb təhsili və innovasiya şöbəsinin müdiri Aygün Babayeva da ölkəmizdə malyariya xəstəliyinə qarşı aparılan mübarizədən, Azərbaycan hökumətinin bu mübarizəyə verdiyi dəstəkdən, bu sahədə fədakarlıq göstərən alimlərin misilsiz xidmətlərindən, müvafiq tədris prosesi, çoxsaylı tədqiqat işlərindən, tələbələrin parazitologiya sahəsində qazandığı praktik təcrübədən və digər mövzulardan söhbət açıblar.
Qrupun rəhbəri Keith Carter isə bildirib ki, Azərbaycana gəlişlərinin məqsədi malyariya ilə bağlı vəziyyəti hərtərəfli öyrənmək, bu istiqamətdə görülən işlərlə yaxından tanış olmaqdır: “Ümidvaram ki, bu missiyanın sonunda malyariya xəstəliyinin kökünün kəsilməsi ilə bağlı eliminasiyada qeyd olunanlar tərəfimizdən təsdiqini tapacaq, hesabatda əks olunanların şahidi olacağıq”. Qrup üzvü Reza Majdraden də Birləşmiş Millətlər Təşkilatının (BMT) "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əksini tapan Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində 35 ölkədə malyariyanın eliminasiyasına nail olmağın məqsəd kimi qarşıya qoyulduğunu qeyd edib: “Belə azad ölkələrdən biri kimi Azərbaycan da öz namizədliyini irəli sürüb. Biz də bunu araşdırmaq missiyası ilə Azərbaycana təşrif gətirmişik. Gördüklərimiz, tanış olduqlarımız eliminasiyanın təsdiqinə imkan verərsə, o zaman sizin ölkəyə sertifikat təqdim edəcəyik. Təqdim olunan hesabatdan və etdiyiniz çıxışlardan da məlum olur ki, Azərbaycan malyariya xəstəliyinin eliminasiya olunması üçün xeyli səylər göstərib. Tanınmış alimləriniz, mütəxəssisləriniz xeyli zəhmət çəkib, bu sahəyə özlərinin lazımi töhfələrini veriblər”.
Sonda qrup üzvlərini maraqlandıran suallara yerli mütəxəssislər ətraflı şəkildə cavab verib. Mütəxəssislərin bu sahədə keçdiyi mübarizə yolu qonaqlar tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, ÜST-nin nümayəndələri oktyabrın 14-dək ölkəmizdə səfərdədir. Onlar malyariyaya qarşı mübarizədə iştirak edən alimlərlə görüşəcək, elmi müəssisələr, təşkilatlar, o cümlədən tədqiqat işləri aparan laboratoriyalarla yaxından tanış olacaq, hərtərəfli araşdırmalar həyata keçirəcəklər.