CƏMİYYƏT
Tibb Universitetində Üçüncü orqan transplantasiyası günləri başlayıb
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-dan Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Üçüncü orqan transplantasiyası günlərinin başlanması münasibətilə konfrans keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə akademik Nuru Bayramov konfransın mahiyyətindən danışıb. Belə tədbirlərin gələcək nəsillər üçün də vacibliyini qeyd edən akademik aparılan tədqiqatların burada qarşılıqlı müzakirə edilməsi baxımından da əhəmiyyətini vurğulayıb. N.Bayramov elmi-tədqiqat işlərinin yazılması məsələlərinə də toxunub. Belə işlərin çox incəliklə aparılmasının tələb olunduğunu vurğulayıb.
Sonra tədbir seminar şəklində öz işini davam etdirib.
Tədbirdə Malatya İnönü Universitetinin Turqut Özal Tibb Mərkəzinin professoru Cüneyt Kayaalpın “Elmi araşdırmalar” mövzusunda məruzəsi dinlənilib. Professor məqalə yazmaq və araşdırmalar aparmaqla bağlı təcrübəsini bölüşdü.
Konfrans iki gün davam edəcək.