CƏMİYYƏT
Tibb Universitetində həyata keçirilən daha bir mürəkkəb əməliyyat uğurla nəticələnib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 60 yaşlı qadının boynunda iki müxtəlif səviyyədə yerləşən yırtıq əməliyyat olunub. Həmin mürəkkəb əməliyyat uğurla nəticələnib.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Klinikanın neyrocərrahı Cəmil İskəndərovun sözlərinə görə, 60 yaşlı qadın neçə müddətdir ki, qol və ayaqların hərəkətində zəiflikdən əziyyət çəkirmiş: “Müayinələr zamanı pasiyentin boynunda 2 tərəfdə yırtıqlar aşkarlanıb. Bütün yoxlanışlardan sonra xəstəyə cərrahiyyə əməliyyatı təyin edilib. Əməliyyatın çətinliyi ondan ibarət idi ki, 3-4-cü boyun fəqərələrarası diski çıxarmaq texniki baxımdan bir qədər çətin prosesdir. Əməliyyatı mürəkkəbləşdirən digər cəhət yırtıqların iki müxtəlif səviyyədə yerləşməsi ilə bağlı idi. Belə ki, bir yırtıq 3-4-cü, digəri isə 5-6-cı fəqərələrə düşüb. Yəni, biz ortada bir sağlam disk saxlamaqla, yırtıqları çıxarmalı idik. Əməliyyat 1 saat 30 dəqiqə davam etdi və uğurla nəticələndi”.