CƏMİYYƏT
Tibb Universitetində koronavirusa qarşı maarifləndirmə işləri aparılır
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetində Çində yayılmış koronavirusla əlaqədar zəruri profilaktik tədbirlər həyata keçirilir və maarifləndirmə işləri aparılır.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin məqsədlə Tədris Cərrahiyyə Klinikasında təşkil olunan tədbirdə həkimlər, rezidentlər və tibb bacıları iştirak ediblər. Yoluxucu xəstəliklər kafedrasının dosenti, klinikanın şöbə müdiri, həkim-infeksionist, hepatoloq, qastroenteroloq Sədrəddin Atakişizadə koronavirusun sinptomları, virusdan qorunma yolları barədə tibbi personala ətraflı məlumat verib. O, bütün infeksiyalar kimi koronavirusun da çoxalaraq xəstəxanadaxili infeksiyaya çevrilə bilmək ehtimalından söhbət açıb, tibb işçilərinin vaxtında qabaqlayıcı tədbirlər görməsinin vacibliyinə toxunub.
Mütəxəssis koronavirusun əslində yeni bir virus olmadığını, 2002-ci ildə aşkarlandığını qeyd edib. O bildirib ki, Yaponiya, Çin, Almaniya və Amerika alimləri koronavirus infeksiyalarının digər virus infeksiyalarına oxşar kliniki əlamətlərə malik, əsasən də ağciyərlərin qısa bir müddətdə kəskin zədələnməsinə gətirib çıxardan infeksion xəstəlik olduğunu hələ o vaxt dəqiqləşdiriblər.
“Bu infeksiyaya yoluxanlar arasında klinikalarda çalışan tibb işçilərinin olmasını nəzərə alaraq əvvəlcə özümüzü qorumalıyıq, sonra isə infeksiyanın ətrafımıza yayılmasının qarşısını almalıyıq”, – deyən həkim-infeksionist törədicilərin ətraf mühitə çox dözümlü olmadığını diqqətə çatdırıb. Xatırladıb ki, həmin viruslar açıq sahələrdə 2, kanalizasiya sularında 4 saat yaşamaq qabiliyyətinə malikdir, 56 dərəcə temperaturda, düz düşən günəş şüalarının altında, eləcə də dezinfeksiyaedici dərman maddələrinin təsirindən asanlıqla məhv olur. Profilaktik tədbirlər lazımi səviyyədə aparılsa, koronavirus infeksiyasının yayılmasının qarşısı alına bilər.
Səhiyyə nazirinin müvafiq əmrini xatırladan, bütün hallarda klinikanın əməkdaşı kimi hər kəsi ayıq olmağa çağıran S.Atakişizadə bu infeksiyanın əhali sıxlığı daha çox olan yerlərdə yayıldığını vurğulayıb. Eyni zamanda, kənardan gələn qida məhsullarının mənşəyini nəzərə almağı tövsiyə edən həkim xəstəliyin klinikası üzərində xüsusi dayanıb. Xəstəliyin gizli dövrünün 2-3, bəzən 7 gün, hətta daha artıq çəkdiyini deyən mütəxəssis immun qabiliyyəti yüksək olan insanlarda bu cür infeksiyalara yoluxma ehtimalının aşağı olduğunu da deyib.
Dosent S.Atakişizadə həmin infeksiyadan qorunmaq üçün ilk növbədə, profilaktik tədbirlərin vacibliyini önə çəkərək daha qalın tibbi maskalardan istifadə etməyi, dezinfeksiyaedici maddələrin dozasını artırmağı, hər hansı bir şöbədə rast gəlinən belə xəstəni mütləq uyğun müalicə müəssisəsinə göndərməyi məsləhət görüb.