CƏMİYYƏT


Tibb Universitetində sağlam qidalanma ilə bağlı seminar keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında universitetin Tələbə Gənclər Təşkilatının “Sağlamlıq” klubunun təşkilatçılığı ilə seminar keçirilib. Seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Günay Quluzadə “Sağlam qidalanaq və zərərli vərdişlərə yox deyək!” mövzusunda məruzə ilə çıxış edib.

Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, G.Quluzadə məruzəsində zərərli qidaların insan orqanizminə mənfi təsirindən, zərərli vərdişlərdən necə xilas olmanın yollarından söhbət açıb. Bildirib ki, hər kəs sağlam qidalanmalı, bu yolla zərərli vərdişlərdən özünü qorumalıdır. G.Quluzadə seminar iştirakçılarını əsasən, fast-fud, “əlüstü yeməklər”, transyağların daşıyıcısı olan qidalar, fri-kartofu, çipsilər, qazlaşdırılmış şirin sular, qarışıq maddələr olan qidalardan uzaq durmağı tövsiyə edib. Bu cür qidaların davamlı qəbul olunmasının bir sıra xəstəliklərə yol açdığını vurğulayıb. O, zərərli qidaların insan orqanizminə tədricən ziyan vurması ilə yanaşı, artıq çəkinin, piylənmənin yaranmasına, həmçinin mədə-bağırsaq, ürək-damar, beyin-damar sistemləri, xərçəng, diabet və s. xəstəliklərə səbəb olduğunu bildirib. Hansı qidaların zərərli olduğu barədə videogörüntü vasitəsilə ilə seminar iştirakçılarını məlumatlandırıb.

Məruzəçi tütün və tütün məmulatlarının, alkoqollu içkilərin və narkotik maddələrin də insan orqanizmi üçün zərərli olması barədə tələbələrə ətraflı məlumat verib, onlara istifadədən çəkinməyi məsləhət bilib.

Sonda G.Quluzadə tələbələri maraqlandıran çoxsaylı sualları ətraflı şəkildə cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.