CƏMİYYƏT


Tibb Universitetində uşaqlar üçün ödənişsiz aksiya keçirilib

Bakı, 16 aprel, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris terapevtik Klinikasında uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, klinikanın, eləcə də “Pediatrik kardiologiya və revmatologiya” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən aksiyanın əsas məqsədi uşaqların erkən tibbi müayinələrə cəlb edilməsini təbliğ etmək və valideynləri maarifləndirməkdir.

Aksiyada iştirak edən professor, pediatr-kardioloq İbrahim İsayev son illər Azərbaycanda səhiyyə sahəsindəki inkişafdan və tibbi sığortanın ölkəmizdə tətbiq olunmasının əhəmiyyətindən danışıb. Həkim uşaqlar arasında kardioloji problemlərin artdığını bildirib: “Uşaqlar arasında bu kimi problemlərin artması və valideynlərin uşaqları vaxtında müayinə etdirmələri istiqamətində maariflənməsi baxımından bu cür aksiyalar çox vacibdir. Bundan əlavə bu aksiyalar çox gözəl nəticələr verir. Bəzi hallarda hətta valideynlərin özlərinin bilmədiyi və şübhələnmədiyi problemlər də müayinə zamanı ortaya çıxır”.

Yeni yaranmış “Pediatrik kardiologiya və revmatologiya” İctimai Birliyinin sədri, pediatr Sveta Rəfiyeva bildirib ki, bütün dünyada uşaqlar arasında ürək və qeyri infeksion xəstəliklər getdikcə artır: “Məqsədimiz valideynlərin vaxtında övladlarını həkimə gətirməkdən çəkinməməsini təmin etmək və onlar arasında maarifləndirmə işlərini genişləndirməkdir”.

Pediatr-endokrinoloq Ləman Sultanova valideynlərə övladlarının düzgün qidalanması, fiziki aktivlik və gün rejiminin düzgün bölünməsi ilə bağlı məsləhətlər verdiyini qeyd edib. Həkim müraciət edənlərin əsasən boy qısalığı və artıq çəki kimi endokrin patologiyalardan şikayət etdiklərini bildirib.

Aprelin 21 və 28-də növbəti aksiyanın keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.