CƏMİYYƏT


Tibb Universitetində yaz semestrinin yay imtahan sessiyası başa çatıb

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) onlayn şəkildə keçirilən semestr imtahanları uğurla başa çatıb.

ATU-nun İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova AZƏRTAC-a bildirib ki, universitetdə 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına iyunun 5-də start verilib, iyulun 3-də isə yekun vurulub: “Bu sessiyada buraxılış kurslarının heç biri iştirak etməyib. III, IV, V kurslarla fakültələrə uyğun olaraq sessiyalar yekunlaşdırılıb. İmtahanlarda ciddi problemlər qeydə alınmadı. Yalnız texniki qüsurlar yaranıb ki, bunlar da adətən imtahan verən tələbənin yaşadığı ərazidə internetin zəifliyi, işığın olmaması kimi səbəblərdən qaynaqlanıb”.

Ü. Cəfərova qeyd edib ki, universitet rəhbərliyi müəyyən problemlər səbəbindən onlayn imtahanda iştirak edə bilməyən tələbələrə gün ərzində imtahana qoşulmaq şansını yaradıb: “Məsələn, səhər saat 10:00-da imtahanı olan tələbə müəyyən problemlərə görə qoşula bilməyibsə, gün ərzində onun imtahan verməsi üçün şərait yaradılırdı. Həmçinin onu da qeyd edim ki, imtahan gedişində yaranan problem səbəbindən bəzi tələbələrin imtahanı yarımçıq qalmışdı. Həmin tələbələr üçün iyulun 4-də əvvəlcədən planlaşdırılmış qaydada təkrar imtahan keçirilib. Əvvəlki imtahan zamanı texniki problemlərinin olması yoxlanılıb və təsdiqini tapdıqdan sonra onlar təkrar imtahana buraxılıblar”.

İmtahan Mərkəzinin müdiri imtahanlar zamanı apelyasiyaya müraciətlər olduğunu da bildirib. O, əvvəlki illərlə müqayisədə builki əsaslı apelyasiyaların sayının az olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.