CƏMİYYƏT


Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ürək-damar cərrahiyyəsinə həsr edilmiş konfrans keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetində (ATU) öz işinə başlayan XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi bölmə iclasları ilə davam edir.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konqresin davamı olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında ürək-damar cərrahiyyəsinə həsr edilmiş konfrans keçirilib. Konfransda çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev Avrasiya Beynəlxalq Cərrahiyyə Konqresinin artıq bir ənənəyə çevrildiyini deyib. O, ildən-ilə tədbirdə iştirak edən ölkələrin və qonaqların sayının artdığını diqqətə çatdırıb: “Bu dəfə ölkəmizdə keçirilən Avrasiya Beynəlxalq Konqresində 25-ə yaxın ölkədən 150-dən çox qonaq iştirak edir. Bu cür beynəlxalq konqreslərin ölkəmizdə təşkil olunması iki cəhətdən çox vacibdir. Birincisi, bizim dünyada olan inkişafdan, irəliləyişlərdən xəbərdar olmağımız üçün belə toplantılarda iştirakımız vacibdir. İkincisi isə, bu cür tədbirlərin keçirilməsi ölkəmizdə səhiyyənin inkişafının bir göstəricisidir”.

Tanınmış ürək cərrahı ölkə cərrahiyyəsində özünəməxsus yer tutan akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həm böyüklərdə, həm də uşaqlarda ürək cərrahiyyəsini çox uğurla davam etdirdiyini, bundan sonra elmi və praktiki fəaliyyətlərində yeni-yeni nailiyyətlərə imza atacaqlarını söyləyib. O, beynəlxalq konqresdə tam bir günü ürək-damar cərrahiyyəsinə ayırdıqlarına görə proqramın təşkilatçılarına minnətdarlığını bildirib.

Bundan sonra yerli və xarici mütəxəssislərin ürək-damar cərrahiyyəsinin aktual problemlərinə dair məruzələri dinlənilib. Mütəxəssislər konfrans iştirakçılarının ayrı-ayrı mövzularla əlaqədar çoxsaylı suallarını da cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.