CƏMİYYƏT
Tibb Universitetinin Tədris Terapevtik Klinikasında saç əkimi kursu keçirilir
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Tibb Universitetinin Tədris Terapevtik Klinikasında saç əkimi kursu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən klinikanın direktoru Samir Allahverdiyev kursun Tədris Terapevtik Klinika ilə Türkiyədə fəaliyyət göstərən “ACA Akademiyası”nın birgə əməkdaşlığı ilə təşkil olunduğunu qeyd edib və kursun fəaliyyətinə uğurlar arzulayıb.
Türkiyədə fəaliyyət göstərən “ACA Academiyası”nın rəhbəri Qamze Menteşoğlu estetik tibbə müraciətin dünyada geniş vüsət aldığını bildirib. Qeyd olunub ki, saç əkimi son 20 ildə tətbiq olunan yeni bir sahədir. O, rəhbərlik etdiyi qurumun beynəlxalq arenada kifayət qədər tanındığını və tətbiq olunan müalicə üsullarının beynəlxalq standartlara uyğun olduğunu bildirib: “ACA Academiyası”nın fəaliyyətində əsas hədəf estetik dermatologiya, saç əkimi və kosmetologiya sahələrinə dair dünyadakı yenilikləri izləyərək həkimlər üçün tədris proqramları hazırlamaq, onların bilik və bacarıqlarını artırmaqdır. Məqsədimiz estetik tibb həkimi yetişdirməkdir. Hesab edirəm ki, bu sahədə peşəkar mütəxəssislər yetişdirə biləcəyik”.
Qurumun rəhbəri gələcəkdə estetik tibb üzrə diplomun təsis edilməsini planlaşdırdıqlarını qeyd edib. Q.Menteşoğlu “ACA Academiyası”nın Azərbaycan və İngiltərədə nümayəndəliklərinin fəaliyyət göstərdiyini də qeyd edib.
I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov kursların üç gün davam edəcəyini deyib. Onun sözlərinə görə kursun ilk günü nəzəri biliklərin artırılmasına yönələcək. Növbəti günlərdə isə canlı model üzərində təcrübə həyata keçiriləcək. Dermatoloq kursun mütəxəssislər üçün faydalı olacağına inandığını bildirib.
“Kursda iştirak edən dinləyicilər sonda sertifikatla təmin ediləcək. Həmin sertifikatlar “ISO 9001” standartlarına uyğundur və Beynəlxalq Akkreditasiya Forumu tərəfindən qeydiyyata alınıb. Sertifikatlar “Cardcert” Beynəlxalq Akkreditasiya Şirkəti tərəfindən verilir. Bu sertifikatlar dünyanın 160 ölkəsində tanınır”, - deyə E.Novruzov qeyd edib.
Sonra klinikada yaradılan Saç Əkimi Mərkəzinin açılışı olub. Bildirilib ki, mərkəzdə pasiyentlərə saç nəqli ilə yanaşı, hər cür kosmetoloji xidmət də göstəriləcək. Təşkil olunan kursların mərkəzdə bu sahədə çalışmaq istəyən həkimlərin biliklərini artırmağa yönəldiyi də qeyd olunub.
Saç Əkimi Mərkəzi ilə tanışlıqdan sonra kursun nəzəri hissəsi başlayıb.