CƏMİYYƏT


Tibb Universitetinin Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında oksigen generatorunun quraşdırılması başa çatıb. Bu gün generator işə salınaraq klinikada yatan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, generatorun işə salınma prosesini Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də izləyib. Rektor bu qurğunun pandemiya dövründə xüsusilə önəmli olduğunu qeyd edib.

Generatorun iş prinsipi ilə yaxından tanış olan rektor tikinti-quraşdırma işlərinin də sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini deyib.

Klinikanın direktoru, professor Surxay Musayev generatorunun iş prinsipi haqqında məlumat verib: “Klinikamız üçün ayrılmış “EKOMAK” və “MEDİSAM” generatorları saatda 35 kubmetr oksigen istehsal etmək imkanına malikdir. Generator indiki pandemiya dövründə klinikanın keyfiyyətli oksigenə tələbatını tam ödəyir.

COVID-19-a yoluxmuş xəstələr əsasən ağciyər patalogiyalarına düçar olduğu və ağciyərlər zədələndiyi üçün bu xəstələrin oksigen təminatına ciddi ehtiyac olur. Bunun üçün bir gün ərzində klinikaya 100-150 oksigen balonu gətirilirdi və xəstələrin oksigen təchizatı təmin edilirdi. Oksigen balonlarının bir qismi Sumqayıt, bir qismi isə Bakıda olan müəssisələrdən alınırdı. Bəzən fasilələrin yaranma təhlükəsi olurdu ki, bu da böyük çətinliklər yaradırdı. İndi isə generatorun quraşdırılmasından sonra klinika oksigenə olan tələbatını ən keyfiyyətli oksigenlə tam təmin edəcək. Klinikanın oksigen generatoru ilə təchiz edilməsi bizim və kollektivin çoxdankı arzusu olsa da, müəyyən maliyyə çətinliklərinə görə mümkün olmurdu. Bu gün isə belə bir yüksək istehsal gücünə malik oksigen generatoru klinikamızın istifadəsinə verildi. Səhiyyəyə göstərilən böyük qayğıya, yaradılan bu şəraitə və dəstəyə görə ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.

Sonda oksigen generatorunun klinika üçün çox vacib olduğunu bir daha vurğulayan G.Gəraybəyli klinikanın ləvazimat təchizatı, burada müalicə alan xəstələrin vəziyyəti, onların dərman təminatı ilə maraqlanıb. O, klinikada yatan xəstələrə möhkəm cansağlığı, tibb işçilərinə isə işlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.