CƏMİYYƏT
Tibb Universitetinin cərrahları beynəlxalq konqresdə iştirak ediblər
Bakı, 12 iyun, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Bariatrik və Metabolik Cərrahiyyə üzrə Video Platform konqresi keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən məlumat veriblər.
Konqresdə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyinin sədri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzə fəlsəfə doktoru Taryel Ömərov, II cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov və III cərrahi xəstəliklər kafedrasının əməkdaşı Aslan Abdullayev iştirak ediblər.
Konfransda Türkiyənin və dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər iştirak ediblər. Son illər bariatrik cərrahiyyədə, xüsusilə mədəkiçildilmə əməliyyatları zamanı əldə edilən uğurlar haqqında danışılıb, problemlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. ATU nümayəndə heyətinin üzvləri ölkəmizdə bu sahədə mövcud vəziyyət, aparılan uğurlu əməliyyat haqqında konqres iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, dörd ildir Azərbaycanda, o cümlədən ATU-nun klinikalarında bariatrik cərrahiyyə üzrə dünya standartlarına uyğun şəkildə əməliyyatlar icra olunur və bu sahədə xeyli uğurlu nəticələr qazanılıb.