CƏMİYYƏT
Tibb Universitetinin əməkdaşlarının yeni dərs vəsaitləri işıq üzü görüb
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin tibbi biologiya və genetika kafedrasının əməkdaşlarının - baş müəllimlər Aynur Ənsərova, Pərvanə Mahmudova, assistent Gülnarə Vəliyeva və müəllim Zümrüd Abaszadənin birgə hazırladıqları iki dərs vəsaiti işıq üzü görüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk dərc olunan vəsait hazırlıq şöbəsinin Azərbaycan bölməsində təhsil alan dinləyicilər üçün nəzərdə tutulmuş “Hazırlıq şöbəsinin müdavimləri üçün testlər toplusu” adlanır. Həmin dərs vəsaiti universitetdə tədrisə cəlb edilən və tələbə adı qazanmaq istəyən dinləyicilərin biologiya fənni üzrə keçilən dərsləri daha asan mənimsəməsinə təkan vermək və onların testlərlə işləmək vərdişini sürətləndirmək məqsədilə hazırlanıb.
Digər dərs vəsaiti isə “Genetikadan məsələlər məcmusu”dur. Kafedrada genetika bölməsinin həm hazırlıq şöbəsinin dinləyicilərinə, həm də I kurs tələbələrinə tədris olunduğunu nəzərə alsaq, bu toplunu da ilk vəsait qədər yararlı mənbə hesab etmək olar. Müəlliflərin sözlərinə görə, kafedra əməkdaşlarının birgə fəaliyyətinin bu cür uğurla nəticələnməsi sevindirici haldır. Hər iki dərs vəsaitinin elmi redaktoru olan kafedranın baş müəllimi Kamil Çobanov da kitablarda mövzuların müasir meyarlara tam uyğun şəkildə toplandığını vurğulayıb. O, nəşr edilən hər bir vəsaitin elmə yeni nəfəs və baxış gətirdiyini bildirib.
Müəlliflər hər iki vəsaitdən orta məktəb və lisey şagirdlərinin, habelə abituriyentlərin də faydalana biləcəklərini deyiblər.