CƏMİYYƏT
Tibb Universitetinin həkimləri yaralı əsgər və zabitlərə yüksək səviyyədə xidmət göstəriblər
Bakı, 8 dekabr, AZƏRTAC
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixinin yeni səhifəsi yazılır. Azərbaycan həkimləri və səhiyyə işçiləri də Ali Baş Komandanın çağırışına uyğun olaraq, Vətən Müharibəsinin ilk günündən ön cəbhədə öz şərəfli borclarını yerinə yetiriblər. İkinci Qarabağ savaşının ilk günlərindən universitet rəhbərliyinin tövsiyəsi ilə 30-a yaxın professor-müəllim heyəti, o cümlədən respublikamızın tanınmış həkimlərindən ibarət tibbi personal könüllü olaraq cəbhə bölgəsində olan hərbi hospitallara ezam ediliblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayevin verdiyi məlumata görə, 44 günlük Vətən Müharibəsində həkimlər ön cəbhədəki yaralı hərbçilərimizə yüksək səviyyəli tibbi yardım göstəriblər: “Müharibənin ilk günlərində yaralılar çox olduğundan təcrübəli həkimlərə böyük ehtiyac var idi. Füzuli, Naftalan və Gəncə bölgələrində hospitallara ağır vəziyyətdə gətirilən yaralı əsgər və zabitlərə yüksək ixtisaslı tibbi yardım göstərilib”.
O, tibbi xidməti yüksək səviyyədə təşkil edən Naftalan Mərkəzi Xəstəxanası və Gəncə Beynəlxalq Hospitalının rəhbərliyinə öz təşəkkürünü bildirib və bu işə məsul dövlət qurumlarının dəstəyindən də bəhs edib: “Tibbi təchizatla bağlı xırda problemləri çıxsaq, demək olar ki, ciddi problemlər yox idi. Həm Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) , həm də dövlətin bu işə məsul olan qurumları bizi adekvat olaraq lazımi tibbi avadanlıq və ləvazimatlarla təmin edirdilər. Gəncə Beynəlxalq Hospitalı bu işə böyük vətən sevgisi ilə yanaşaraq bütün imkanlarını yaralı hərbçilərimizin tezliklə sağalmasına yönəltmişdilər. Hospitalda olan çoxsaylı yaralılara xidmət göstərmək üçün öz potensialları hesabına və aidiyyəti dövlət qurumlarının dəstəyi ilə maksimum şərait yaratmışdılar. Ön cəbhəyə ezam olunduğumuz müddətdə Naftalan və Gəncədə universitetimizin əməkdaşları tərəfindən yüzlərlə xəstəyə yüksək ixtisaslı tibbi yardım göstərildi”.
Həmin bölgədən qayıtdıqdan sonra da Tədris Cərrahiyyə Klinikasında yaralıların müalicəsi ilə intensiv məşğul olmağa başladıqlarını söyləyən professor əksər kafedra əməkdaşlarının bu işə cəlb edildiyini deyib: “Təkcə bizim kafedrada 100-dən artıq yaralıya tibbi xidmət göstərildi, müxtəlif əməliyyatlar aparıldı. Güllələrin, qəlpələrin çıxarılması, yaraların müalicəsi, müxtəlif rekonstruktiv bərpaedici əməliyyatlar icra olundu və hazırda yaralı əsgər və zabitlərə yüksək səviyyədə tibbi xidməti davam etdirilir. Yaralı əsgərlərin çox böyük hissəsi sağlamlığa qovuşaraq evlərinə yola salınıb. Şöbəmizdə hələ də yaralı əsgərlər var və onlara tibbi xidmət göstəririk. Hazırda 18 yaralının müalicə prosesi davam etdirilir”.
Birinci Qarabağ müharibəsində də həkim kimi xidmət göstərən Elçin Ağayev deyib: “O vaxt problemlər həddindən çox idi, dərman preparatları, sarğı materialları çatışmırdı. Hətta əməliyyata gedərkən əl yumağa sabun da tapılmırdı. O vaxtkı döyüşlərdə igid oğullarımız mərdlik və cəsarətlə vuruşsalar da, qələbəyə qovuşa bilməmişdik. Qürurverici haldır ki, güclü dövlətimiz, Ali Baş Komandanımız və Müzəffər Ordumuz 44 günlük Vətən Müharibəsində illərlə arzuladığımız qələbəni gerçəkləşdirdi”.