CƏMİYYƏT


Tibb Universitetinin neyrocərrahlıq kafedrasının 50 illiyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında universitetin neyrocərrahlıq kafedrasının 50 illiyinə həsr olunmuş “Neyrocərrahlığın müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov ölkəmizdə neyrocərrahiyyə üzrə ilk dəfə olaraq konfrans keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, tədbir praktik həkimlər üçün faydalı olacaq. Tədbirin keçirilməsində məqsəd neyrocərrahları bir yerə toplamaq, fikir mübadiləsi aparmaq, yenilikləri bölüşməkdir. Tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə, İngiltərə, Rusiya, Almaniya, Gürcüstan, Ukraynadan gələn mütəxəssislər də iştirak edirlər. Prorektor konfransın işinə uğurlar arzu edib.

ATU-nun neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlı Azərbaycanda neyrocərrahlığın yaranma və inkişaf tarixi, o cümlədən kafedranın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, həmin kafedrada 50 il ərzində neyrocərrahlar yetişib və onlar ölkənin müxtəlif klinikalarında çalışırlar.

Xarici ölkələrdən gələn mütəxəssislər dəvətə görə minnətdarlıqlarını bildirib, təcrübə mübadiləsinin neyrocərrahlıq sahəsinin inkişafına töhfə verəcəyini qeyd ediblər.

Konfrans “Hipofizar adenomaların endoskopik endonazal cərrahiyyəsi”, “Epilepsiyanın cərrahi müalicəsi”, “Beyin və sinir cərrahiyyəsindəki son texnologiyalar”, “Kəllə-beyin travmaları zamanı alın payı zədələnmələrinin cərrahi və konservativ müalicəsi” və s. mövzularda məruzələrlə davam edib.

Konfransın işinə mayın 12-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.