CƏMİYYƏT


Tibb Universitetinin nümayəndə heyəti Tehranda səfərdə olub

Bakı, 11 mart, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti İran İslam Respublikasının paytaxtı Tehran şəhərində səfərdə olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, xarici tələbələrlə iş üzrə dekanı, dosent Orxan İsayev və Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Məhəmməd Davudov bir sıra görüşlər keçiriblər.

Nümayəndə heyəti səfərin ilk günü Royan İnstitutunda olub və görüş zamanı institutun prezidenti Abdolhossein Şahverdi, vitse-prezident Ahmad Vosough Taghi Dizaj, Davamlı Tibbi Təhsil və Treninq proqramlarının direktoru Leila Daliri Royan İnstitutu haqqında ətraflı məlumatlar veriblər.

Öz növbəsində universitetin elmi işlər üzrə prorektoru R.Bəylərov rektor professor Gəray Gəraybəylinin səmimi salamlarını görüş iştirakçılarına çatdırıb və ATU-da aparılan işlər haqda məlumat verib. Görüşün sonunda tərəflər arasında anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində ATU-nun həm professor-müəllim heyətinin, həm də tələbələrinin təlim və tədqiqat məqsədilə mübadiləsinə, müştərək tədqiqat layihələrinin hazırlanmasına və birgə beynəlxalq elmi konqreslərin təşkilinə qərar verilib. Daha sonra ATU-nun nümayəndə heyəti Royan İnstitutunun müxtəlif qurumlarını gəzib və görülən işlərlə yaxından tanış olublar. Görüş zamanı kök hüceyrə texnologiyaları və sonsuzluğun müalicəsi sahəsində aparılan işlər xüsusi maraq doğurub.

Səfər zamanı ATU-nun nümayəndə heyəti Tehran Tibb Elmləri Universitetində də bir sıra görüşlər keçirib. Universitetin Cərrahiyyə Şöbəsinin dosenti, İranın səhiyyə nazirinin müavini İraj Harirchi iki ölkə arasında münasibətlərin vacibliyi haqda məlumat verib. Görüşdə, həmçinin Tehran Tibb Elmləri Universitetinin prorektoru Ramin Kordi universitetin strukturu və aparılan işlərdən danışıb. ATU-nun elmi işlər üzrə prorektoru dosent R.Bəylərov Tehran Tibb Elmləri Universitetinin rəhbərliyinə göstərdikləri qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib. Görüş zamanı, həmçinin Azərbaycan Tibb Universiteti ilə Tehran Tibb Elmləri Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində görülmüş işlər haqda ətraflı müzakirələr aparılıb. ATU-nun nümayəndə heyəti Tehran Tibb Elmləri Universitetinin rəhbərliyinin müşayiəti ilə stomatologiya, əczaçılıq fakültəsində və həmçinin universitetin tərkibinə daxil olan klinikalara baş çəkib, görülmüş işlərlə yaxından tanış olub, fakültələrin dekanları və klinikaların rəhbərləri ilə fikir mübadiləsi aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.