CƏMİYYƏT
Tibb Universitetinin nümayəndəsi Pakistan Universitetində biokimya və fiziki kimya fənlərini tədris edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) biokimya kafedrasının baş müəllimi Xəyalə Məmmədova Pakistanın Mohammad Ali Cinnah Universitetində biokimya və fiziki kimya fənlərini tədris edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, X.Məmmədova 2 ay müddətində “Life Sciences” bölməsində çalışıb, həmçinin sillabusların və kurs mövzularının hazırlanmasında iştirak edib.
Mohammad Ali Cinnah Universitetindəki fəaliyyəti dövründə ATU-nun təmsilçisi bioinformatika ilə bağlı müəyyən tədqiqatlarda da iştirak edərək yeni bilik və bacarıqlar əldə edib. Azərbaycanlı mütəxəssisin universitetdəki fəaliyyəti yüksək qiymətləndirilib. Yerli media orqanları – televiziyalar və qəzetlərdə, o cümlədən sosial şəbəkələrdə X.Məmmədova ilə ingilis, urdu və sindi dillərində müsahibələr yayımlanıb. O, müsahibələrində Azərbaycan Tibb Universiteti, burdakı tədris və təlim sistemi haqqında danışıb.
Pakistanda olduğu müddətdə Xəyalə Məmmədova “Life Sciences” fakültəsinin təşkil etdiyi “Entrepreneurial Science-Serving Science” seminarının təşkilində yaxından iştirakına görə xüsusi sertifikatla təltif olunub.