CƏMİYYƏT


Tibb Universitetinin rektoru Beynəlxalq Tibb Təhsili Alyansının illik yekun yığıncağında iştirak edib

Bakı, 22 iyun, AZƏRTAC 

“Bir Kəmər və Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı”nın (BRIMEA) Ali Şurasının sayca III illik yekun yığıncağı keçirilib. Onlayn formatda keçirilən görüşə BRIMEA-ya üzv qurumların rəhbərləri və təmsilçiləri qatılıb. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də həmin yığıncaqda iştirak edib.

Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə BRIMEA-nın sədri, Çin Tibb Universitetinin prezidenti, professor Delianq Ven çıxış edərək yığıncağın gündəliyi, təşkilatın gördüyü işlər və gələcək planları haqqında məlumat verib. Gündəliyə 7 yeni universitetin quruma üzv qəbul edilməsi məsələsi də daxil edilib. Səsvermənin nəticələrində əsasən, 7 yeni ali təhsil müəssisəsi BRIMEA-ya üzv qəbul olunub.

Tədbir COVID-19 virusunun dünyada yayıldığı bir dövrdə təşkil olunduğundan görüş müasir dövrün çağırışlarına uyğun olaraq “Tibb təhsili icmasını birgə yaradaq və insan sağlamlığı kimi ali məqsədə nail olaq” şüarı altında keçirilib. Görüş zamanı iştirakçı qurumların rəhbərlərinin pandemiya ilə mübarizəyə dair fikirlərini ehtiva edən videomüraciətlər də nümayiş etdirilib.

Yığıncaq daha sonra öz işini Çin Tibb Universiteti təşkilatçılığı ilə keçirilən Ali Tibb Təhsili üzrə 4-cü Beynəlxalq Forum ilə davam etdirib. Forumda təşkilatın gələcək fəaliyyətini və inkişafını təmin etmək üçün müzakirələr aparılıb. Onlayn forumda Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, dosent Nigar Sədiyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti 2019-cu ildən etibarən BRIMEA-nın üzvüdür. Çin hökumətinin “Bir Kəmər və Bir Yol” beynəlxalq layihəsindən ruhlanaraq yaradılan təşkilat öz ətrafında həmin təşəbbüsdə yer alan ölkələrin tibb təhsili verən ali məktəb və universitetlərini birləşdirir. Alyans ali tibb təhsili üzrə akademik təşkilatdır. Qurumun əsas məqsədi qlobal tibbi resursların mübadiləsi, tibb təhsilinin inkişafı və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yardım etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.