CƏMİYYƏT
Tibb Universitetinin tələbələri ABŞ universitetinin virtual praktikasında iştirak ediblər
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) stomatologiya fakültəsinin tələbələri Can Barut və Fərid Tağıyev ABŞ-ın Kaliforniya ştatının Loma Linda Universitetinin stomatologiya fakültəsinin ağız üz-çənə cərrahiyyəsi kafedrasının virtual praktikasında iştirak ediblər.
Praktika zamanı iştirakçılar ağız, üz-çənə cərrahiyyəsində tətbiq edilən yeni metod və texnologiyalarla tanış olublar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, praktika proqramı Loma Linda Universitetinin Ağız üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, “Amerika Ağız və Üz-çənə Cərrahiyyəsi Şurası"nın ("American Board of Oral and Maxillofacial Surgery") prezidenti, professor Alan Herford, tərəfindən təşkil olunub. Tədbir zamanı Alan Herford və kafedranın dosenti Karlos Moretta həmin mövzuda elmi işlərin təqdimatını təşkil ediblər. Həmçinin kafedranın müəllim heyəti, burada tədris prosesi üçün yaradılmış şəraitlə tanışlıq olub. Praktikada, o cümlədən Amerikada üz-çənə cərrahiyyəsi sahəsində təhsil, xarici ölkələrdə bu sahədə təhsil almış diş həkimlərinin ABŞ-da ixtisaslaşma proqramına qəbulu ilə bağlı məsələlər müzakirə olunub, məsləhətlər verilib.
Virtual praktikada ABŞ, Almaniya, İtaliya, Fransa, Kanada və digər ölkələrdə təhsil alan stomatologiya tələbələri də iştirak ediblər, öz ölkələrində üz-çənə cərrahiyyəsi sahəsində təhsil və mövcud durum haqqında məlumat veriblər.
Azərbaycan Tibb Universitetinin tələbələri Can Barut və Fərid Tağıyev də praktikada ATU-dakı tədris proqramı, yüksəkixtisaslı stomatoloqların yetişdirilməsi üçün yaradılan şərait və s. barədə ətraflı məlumatı praktika iştirakçılarının diqqətinə çatdırıblar.