CƏMİYYƏT
Tibb Universitetinin tələbəsi Avstriyada keçirilən konqresdə elmi işini təqdim edib
Bakı, 12 iyun, AZƏRTAC
Avstriyanın Grats Tibb Universitetində V Beynəlxalq Tələbə Konqresi keçirilib. Konqresdə 36 ölkə universitetlərindən 200-ə yaxın tələbə iştirak edərək, elmi işlərini təqdim ediblər. Azərbaycanı bu konqresdə Azərbaycan Tibb Universitetinin (ATU) V kurs tələbəsi Sərxan Həsənli təmsil edib.
Azərbaycan Tibb Universitetindən AZƏRTAC-a bildiriblər ki, “II tip şəkərli diabet xəstələrində ultra uzun bazal insulinlərin kliniki tətbiqi prinsipləri” mövzusunda olan elmi iş münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Sərxan Həsənli Dağıstanda keçirilən Ümumrusiya Gənc Alimlərinin Bilik Forumunda da iştirak edib. O, forumun “Kliniki təbabət” hissəsinə qatılıb və şəkərli diabetə aid təqdim etdiyi elmi işi birinci yerə layiq görülüb. ATU-nun tələbəsi diplom və sertifikartla təltif edilib.