CƏMİYYƏT


Tibb Universitetinin tibbi biologiya və genetika kafedrasının rəhbərliyi Rusiyada elmi konfransda iştirak edib

Bakı, 22 aprel, AZƏRTAC 

Rusiyanın Ryazan şəhərində “Ali məktəbdə biologiya: elmin, təhsilin aktual sualları və fənlərarası inteqrasiya” mövzusunda elmi konfrans keçirilib. Rusiya Federasiyasının akademik İ.P.Pavlov adına Ryazan Dövlət Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor R.Y.Kalinin və biologiya kafedrasının müdiri, professor O.V. Bakoveskayanın dəvəti ilə konfransda Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti də iştirak edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun tibbi biologiya və genetika kafedrasının müdiri, dosent Vaqif Kərimov, dosent Leyla Süleymanova və baş müəllim Aytəkin Həsənova beynəlxalq tədbirdə ali təhsil ocağını təmsil ediblər.

İki günlük konfrans rəsmi hissədən və 4 bölmədən ibarət olub. “Adaptasiyanın, funksional morfologiyanın və genetikanın aktual suallarının öyrənilməsi” mövzusunda üçüncü bölmədə çıxış edən V.M.Kərimov Azərbaycan Tibb Universiteti və tibbi biologiya və genetika kafedrası barəsində geniş məruzə edib.

Konfransda iştirak edən Moskva, Ryazan, Minsk, Tver şəhərlərinin tibb universitetlərinin nümayəndələri ATU-nun tibbi biologiya və genetika kafedrası ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Bunun üçün onlar qarşılıqlı görüşmələrin keçirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.