CƏMİYYƏT
Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş konfrans keçirilib YENİLƏNİB VİDEO
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATU-nun uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfrans Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov kafedranın 1938-ci ildə yaradıldığını və buradakı mütəxəssislərin gənc nəslin sağlam böyüməsi üçün əllərindən gələni əsirgəmədiklərini deyib.
Klinikanın direktoru, professor Surxay Hadıyev uşaq cərrahiyyəsinin çox geniş sahəni əhatə etdiyini bildirib. Onun sözlərinə görə, uşaq cərrahları baş-boyun nahiyəsi, döş qəfəsi, qarın boşluğu, sidik-cinsiyyət sistemi və hətta neonatal dövrdə cərrahi müdaxilələr icra edən həkimlərdir: “Bu baxımdan uşaq cərrahları çox böyük elmi potensiala sahib olmalıdırlar ki, həm uşaqlarda anadangəlmə, həm də sonradan qazanılan patologiyaların diaqnostikasını və müalicəsini mükəmməl bilsinlər. Hesab edirəm ki, konfrans bu baxımdan bizə çox böyük töhfə vermiş olacaq. Konfransda həm Azərbaycanda, həm də xarici ölkələrdə ixtisaslaşmış mütəxəssislər uşaq cərrahlığının ayrı-ayrı bölmələri haqda danışacaqlar. Konfrans zamanı neonatal cərrahiyyəyə, uşaq onkologiyasına, uşaq urologiyasına, uşaq travmotologiya-ortopediyasına, baş-boyun cərrahiyyəsinə, abdominal cərrahiyyəyə, antenatal dövrdə döldə olan cərrahi patologiyaların diaqnostikasına və s. aid maraqlı məruzələr dinləniləcək”.
Azərbaycan Uşaq Cərrahlar Assosiasiyasının sədri, professor Çingiz Quliyev universitetin uşaq cərrahlığı kafedrasının inkişaf tarixi, həyata keçirilən əməliyyatlar və aparılan elmi tədqiqatlar haqqında geniş məlumat verib.
Kafedranın müdiri, tibb elmləri doktoru Ramiz Poluxov uşaq cərrahlığına həsr olunmuş konfransın Azərbaycanda ilk dəfədir keçirildiyini və belə tədbirlərin təşkilinin yetişməkdə olan gənc kadrların peşəkar mütəxəssis kimi formalaşmasında rol oynadığını diqqətə çatdırıb.
Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib.