CƏMİYYƏT


Tibb bacısı: Oktyabrın 11-də Gəncəyə edilən raket hücumunu heç vaxt unutmaram

Bakı, 26 oktyabr, AZƏRTAC

Ömrümüzdən keçən hər il yaddaşımıza hansısa bir məqamla həkk olunur. 2020-ci il pandemiya ilə başladı, o dönəmdə bir tibb işçisi olaraq üzərimizə böyük məsuliyyət düşdü - tibbə tam məlum olmayan bir virus ilə mübarizə. Bir millət olaraq, əslində, ondan da pis, ”fitnəkar erməni virusu” ilə tanış olduğumuz üçün bu bizə qorxulu gəlmədi. Çünki “fitnəkar erməni virusu” əsrlər boyu bizi təqib edib, neçə-neçə igid oğullarımızın, uşaqlarımızın, yaşlılarımızın, gənc qadın və qızlarımızın həyatına son qoyub. Çox təəssüf ki, bu virusa qarşı nə bir vaksin, nə də bir dərman tapılmayıb. Yeganə mübarizə yolu xalqımızın, millətimizin “Dəmir yumruq” kimi birləşib, düşmənə ağır zərbə endirmək idi. Bunu ötən il ən sərt formada etdik.

Ötən il müharibənin başlanması mənə sentyabrın 26-da səhər tezdən işə gedərkən indiki “8 Noyabr” prospektində hərəkət edən hərbi texnikanı görəndə məlum oldu. O zamanlar ermənilər fəallaşmışdılar və tez-tez atəşkəsi pozur, təxribatlar törədirdilər. Qələbəyə gedən həmin yol məhz o prospektdən başladı və haqlı olaraq da “8 Noyabr” adlandırıldı. Hamı kimi mən də anlayırdım ki, itkisiz Qələbə olmur, bunu başa düşsək, belə axıdılan qanları, yarımçıq qalan həyatları düşündükcə insanın daxilindəki bütün hadisələrin içində olmaq, zərrə qədər də olsa yardım etmək hissi rahatlıq vermirdi. Müharibənin ilk günü xəstəxanamızdan könüllü olaraq həkim və tibb işçilərindən ibarət briqadanın cəbhə bölgəsinə göndərilməsi xəbəri qürur verdiyi qədər məndə bir paxıllıq hissi də oyatdı. “Niyə mən yox?” - sualı məni narahat edirdi. İntizarım çox çəkmədi. Bir neçə gün sonra baş həkim məni çağırdı və Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın şüa diaqnostikası bölməsində yaralılara yardım üçün texnikə ehtiyac olduğunu dedi. “Gedə bilərsənizmi?” sualını gözləmədən “Mən gedərəm” dedim. Bundan sonrası ağrılıdır, qürurvericidir, unudulmazdır. Çox həyəcanlı günlər başladı, yolboyu qarşılaşdığımız təcili yardım maşınları, üzərində bayraqlar dalğalanan cəbhə bölgəsinə yardımlar aparan fərdi maşınlar - bunlar hamısı unudulmaz bir mənzərə idi.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının şüa-diaqnostika şöbəsinin böyük tibb bacısı Zeynəb Səlimova deyib.

Tibb bacısı o günləri belə xatırlayıb: “Hospital Bakı və Gəncənin bir vəhdəti idi sanki. Hamı əl-ələ verib yalnız bir məqsədə, mərama qulluq edirdi - igid əsgərlərimizin yarasına məlhəm olmaq, onlara maksimum qayğı göstərmək, ruh yüksəkliyi bəxş etmək üçün gözümüzün yaşını gizlədib gülümsəmək, onlar ağrıdıqda, ufuldadıqda “can-can” deməklə mənəvi güc vermək. Yaralılar adətən gecələr gəldiyi üçün tibbi heyət-həkimlər, tibb personalı gecələr yaralıları qarşılayır, müayinə edir, konsilium keçirir və əksər hallarda təcili əməliyyata başlayırdılar. Elə hallar olurdu ki, əməliyyat səhərə kimi davam edirdi, bir yaralının üzərində eyni vaxtda bir-neçə briqada çalışırdı. Çox ağır əməliyyatlar, ağır xəstələr olurdu. Hamı yaralılar üçün nə isə etməyə çalışırdı. Bakıdan, Gəncədən maşınlarla yardımlar gətirirdilər, yaxınlıqda yaşayan uşaqlar gəlir və “sizə necə kömək edə bilərik?”,- deyə soruşurdular. Maşınların boşaldılmasına, tibbi ləvazimatların, avadanlıqların daşınmasına köməklik edirdilər.

Ən ağırı isə dinc əhaliyə qarşı ermənilərin vandallığı, Gəncəyə bir neçə dəfə raket atılması oldu. Hər dəfə hansısa bir ərazimizin azad olunması xəbərini sevinclə qarşılayıb, təlaşla yola salırdıq. Məğlubiyyətini həzm etməyən düşmən sanki acığını dinc əhalidən çıxırdı. Oktyabrın 11-də gecə saatlarında atılan raket xəstəxanamızdan bir az aralı yaşayış sahəsinə düşmüşdü. O günün dəhşətini heç vaxt unutmaram. Qaranlıq olsa belə havadakı toz dumanı ilə qarışmış torpaq iyi, təcili yardım və yanğınsöndürən maşınların sirenası, şok halında xəstəxanamıza ayaqyalın, başıaçıq, gecəlikdə gətirilən yaralılar, qohumlarını dəhşət içərisində küçə-küçə, xəstəxana-xəstəxana axtaran insanlar... Hamının dilində eyni dua idi: “Ay Allah bircə raket hospitaldan yan keçsin, havalar soyumasın, yağış yağmasın”, çünki orda döyüşən hər bir oğul bizim üçün öz oğlumuz, qardaşımız, atamız qədər əziz idi. Bütün bunlar Qələbəyə gedən yolda bir xalqa lazım olan keyfiyyətlər idi və bu da xalqımıza Zəfər qazandırdı. Hamımız birləşdik, gecə-gündüz demədən əlimizdən gələni etdik, Uca Yaradan isə çəkilən əziyyəti Zəfərlə mükafatlandırdı. Zəfərin mübarək, Azərbaycan!”, - deyə Z.Səlimova fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.