CƏMİYYƏT
Tibb elmləri doktoru Fəxrəddin Cavadovun 70 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə tibb elmləri doktoru Fəxrəddin Cavadovun 70 illik yubileyinə həsr olunmuş "Orqan bağışı problemi və transplantasiya" mövzusunda onlayn elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tibb elmləri doktoru Fəxrəddin Cavadovun səhiyyə sahəsindəki fəaliyyəti barədə bəhs edib, ölkəmizdə transplantologiya sahəsində olan inkişafın nümunəsi kimi Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin fəaliyyəti və burada icra edilən uğurlu transplantaloji əməliyyatlar barədə məlumat verib, konfransın transplantalogiya sahəsində praktik nəticələrin əldə edilməsində öz töhfəsini verəcəyinə ümid bəslədiyini bildirib.
Konfransın açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxış ediblər.
Ötən il orqan transplantasiyası sahəsində qəbul edilmiş və ilin axırında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş qanun layihəsi barədə məlumat verən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanunda bütün aspektlərin, o cümlədən meyiddən orqan nəqli, donor bankının yaradılması, orqan bağışına hazırlanma prosesi, xüsusi transplantasiya klinikalarının açılması və s. məsələlərin də öz əksini tapdığını qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ayrı-ayrı ölkələr arasında transplantasiya sahəsində, o cümlədən meyiddən orqan köçürülməsi sahəsində fərqliliklər mövcud olsa da, əsas məsələnin səhiyyə qurumlarına olan etimadın təmin edilməsi, əhali arasında təbliğatın aparılması olduğunu diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, Milli Məclisin deputatı Rəşad Mahmudov Fəxrəddin Cavadovun bu sahədəki gördüyü işlər barədə məlumat verib və məsələyə tibbi, hüquqi, etik, iqtisadi və sosial baxışdan mövqeyini açıqlayıb.
Konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, Türkiyənin ilk orqan nəqli koordinatoru Ata Bozoklar, Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri Qulam Rüstəmzadə və Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov təqdimatlarla çıxış ediblər.
Konfransda tibb elmləri doktoru Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov çıxış edərək atasının xatirəsini əziz tutduqlarına görə tədbirin təşkilatçılarına təşəkkür edib, transplantalogiya sahəsi üzrə problemlərin həlli sahəsində çalışanlara uğurlar arzulayıb.