ELM VƏ TƏHSİL
“Tibb elmləri və innovasiyalar” mövzusunda V beynəlxalq konqres təşkil ediləcək
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə dekabrın 18-21-də onlayn formatda “Tibb elmləri və innovasiyalar” mövzusunda V beynəlxalq konqres keçiriləcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, konfransın elmi-təşkilat komitəsində bir sıra nüfuzlu elm xadimləri yer alıb.
Beynəlxalq tədbirin təşkilati işlərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu aparıcı rol oynayır.
Xatırladırıq ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində (Ermənistan istisna olmaqla) müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir.
Bu günədək biologiya və tibb elmləri istiqamətinə aid 4 belə beynəlxalq tədbir dünyanın bir sıra ölkələrinin iştirakı ilə Türkiyə və Azərbaycanda böyük müvəffəqiyyətlə təşkil edilib.
Konqresdə iştirak etmək istəyənlər tezislərini dekabrın 1-dək [email protected] ünvanına göndərməlidirlər.