CƏMİYYƏT
Tibb işçilərinə psixososial dəstək məqsədilə təlim keçirilib
Bakı, 3 avqust, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə iştirak edən müəssisələrdə çalışan tibb işçilərinin psixososial rifahını təşviq etmək məqsədilə “COVID 19-a hazırlıq, mübarizə və bərpa müddətində psixi sağlamlıq və psixososial dəstək” təlimləri keçirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimlər Bakı şəhəri üzrə 10 tibb müəssisəsində - Yeni Klinika, Klinik Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 26 saylı Birləşmiş Şəhər Xəstəxanası, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi Tədqiqat Kardiologiya İnstitutu, 28 saylı Birləşmiş Şəhər Xəstəxanası, 17 saylı Birləşmiş Şəhər Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanasında təşkil edilib.
Təlimlərdə “Psixi pozuntuların diaqnostikası, müalicəsi və psixoloji xidmət üzrə İşçi Qrupu”nun üzvləri təqdimatla çıxış edərək effektiv ünsiyyət prinsipləri, stresi idarəetmə texnikaları, özünəqayğı və psixi sağlamlığı qorumaq üçün profilaktik tədbirlər haqqında tibb işçilərini maarifləndirib, COVID-19-la əlaqəli stiqma və pandemiyanın psixi sağlamlıq və səhiyyə işçilərinin psixososial rifahına təsiri mövzularında müzakirələr aparıblar.
Stresin idarəedilməsi üsullarının mənimsənilməsi üçün müxtəlif texnikalar, nəfəs təmrinləri və proqressiv relaksasiya hərəkətləri iştirakçılarla birgə tətbiq olunub.
Təlimlərin rayon xəstəxanaları üzrə də təşkil edilməsinə başlanılıb.