CƏMİYYƏT
Tibb işçilərinin hüquqi maarifləndirilməsi ilə əlaqədar treninqlər davam edir
Bakı, 2 may, AZƏRTAC
“Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinin yerinə yetirilməsi, bu sahədə şəffaflığın və vahid metodologiyanın tətbiqini təmin etmək məqsədilə təşkil olunan treninqlər davam edir. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə aparılan treninqləri “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyi həyata keçirir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Siyəzən və Quba rayonlarındakı treninqlərdən sonra həmin tədbirlər Qazax, Tovuz və Şəmkir rayonlarında, eləcə də Bakı şəhərində təşkil olunub.
Treninqlərin tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həlli, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarının da lazımi səviyyədə öyrənməsi və onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyəti var.
Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi, həmçinin şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov, “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin nümayəndələri və başqaları çıxış ediblər.
Treninqlərin digər regionlarda aparılması nəzərdə tutulub.