CƏMİYYƏT


Tibb xidməti mayoru Fuad Zeynalov: Vətən sevgisi hər şeydən öndə idi...

Bakı, 25 iyun, AZƏRTAC

Can şirin şeydir. Barmağına kiçik bir tikan batanda onun yeri zoq-zoq zoqquldayır, sanki canının orada olduğunu hiss edirsən. Ağrıdan xilas olmaq, rahatlanmaq istəyirsən. Həmin ağrı sovuşmayınca dünya başına daralır, özünə yer tapa bilmirsən. Amma 2020-ci ilin sentyabrında başlanılan haqq savaşı göstərdi ki, Vətən sevgisi candan da şirin imiş. Yoxsa döyüş meydanında xəsarət almış, əli-qolu yaralı vəziyyətdə olan əsgərin heç nəyi gözə almadan düşmən üstünə şığımasına nə ad verəsən? Yaxud döyüşçünün öz yarasını gizlədib hospitala göndərilməkdən, ilkin tibbi yardım almaqdan imtina etməsini necə başa düşmək olar?

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində tibb xidməti mayoru Fuad Zeynalov deyib.

Xalqımızın Vətən müharibəsində əsl həmrəylik və vətənpərvərlik nümunəsi göstərdiyini, əsgər və zabitlərin yüksək döyüş əzmini və fədakarlığını vurğulayan həmsöhbətimiz qeyd edib ki, bu müharibə misli görünməmiş bir igidlik nümunəsi idi: “Yaralı əsgərlər arasında elələri vardı ki, tibbi yardım göstərildikdən sonra dərhal ön xəttə qayıtmağı xahiş edirdilər. Elə əsgərlər görmüşəm ki, ağır yara almasına baxmayaraq, təkid edərək hospitala, hərbi-tibbi yardım müəssisələrinə getmək istəmirdi. Bu, doğrudan da çox böyük Vətən məhəbbətinin, yurd sevgisinin, torpağı düşməndən azad etmək istəyinin ifadəsi idi”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səfərbərlik əmrinə əsasən 2020-ci il sentyabrın 28-də döyüş əməliyyatlarına qoşulan tibbi xidmət mayoru daha sonra deyib: “Oxşar vəziyyətə hərbi həkimlər arasında da rast gəlmişik. Elə olurdu ki, ölüm saçan mərmi və güllələrin yağış kimi yağdığı qızğın döyüş meydanında yaralılara yardım göstərmək lazım gəlirdi. Gecikmək, vaxt itirmək həyat bahasına başa gələ bilərdi. Ona görə də atəş altında yaralı əsgərlərə yardım göstərməli olurduq. Belə halda təbii ki, həkim və tibb işçisinin də həyatı təhlükə altında qalırdı. İçi mən özüm qarışıq belə hallarla çox üzləşmişik. Döyüş meydanından yaralıları çıxaran zaman düşmənin atdığı atəş nəticəsində xəsarət almışdım. Ancaq o cür ürəkli, Vətən sevdalısı olan əsgərlərin yanında öz yaralanmağımızı unudub vəzifə borcumuzu yetirə yetirirdik, əvvəlcə döyüş meydanındakı hərbi qulluqçulara tibb yardım göstərirdik və onları döyüşə qaytarandan sonra öz yaramızı sarıyırdıq.

Müharibə qurbansız başa gəlmir. Təəssüf ki, həmin ağır döyüşlər zamanı hərbi həkimlərdən də şəhidlərimiz oldu. Onların arasında səfərbərlik vaxtı mülki həyatdan çağırılmış həkimlər də vardı. Sanitar, sanitar təlimatçısı, tibb işçisi olmaqla ümumi 18 nəfər döyüşlərdə şəhid olub. Onlar vəzifə borclarını yerinə yetirərkən, əsgərlərə tibb yardım göstərərkən və döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olublar”.

Əslən Laçın rayonundan olan Fuad Zeynalovun rəhbərlik etdiyi tibbi heyət Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonu istiqamətlərində gedən döyüşlərdə yaralıların təxliyəsi, onlara ilkin tibbi yardım göstərilməsi, arxa cəbhədəki hospitallara yerləşdirilməklə məşğul olub. Onlar öz vəzifələrinin öhdəsindən layiqincə gəliblər.

Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsinə, yaralananların sağlamlıqlarının bərpasına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ən yüksək diqqət və qayğının göstərildiyini də xatırladan tibb xidməti mayoru buna görə onlara sonsuz minnətdarlığını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.