ELM VƏ TƏHSİL
Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması üzrə tədqiqat işləri aparılır
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun Mingəçevir elmi-təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə, dekorativ balıqlar və tibb zəlisi yetişdirilir.
Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırda “Mingəçevir elmi-təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması”, “Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması” mövzuları üzrə tədqiqat işləri aparılır. Bu məqsədlə laboratoriyanın bütün göllərində mart ayından etibarən meliorasiya işlərinə başlanılıb. Göllərdə olan balıqlar ovlanaraq duz məhlulundan və marqansdan keçirilib, çeşidlənib və müvafiq olaraq göllərə paylanılıb.
E.Yusifov deyib ki, tibbi və farmakoloji baxımdan çox qiymətli obyekt olan tibb zəlisinin süni şəraitdə artırılma texnologiyasının hazırlanması institutun fəaliyyət planına daxil edilib. 2017-2020-ci illərdə balıqçılıq təsərrüfatlarına ziyan vuran parazit növlərin tədqiqi, onlara qarşı profilaktik tədbirlərin hazırlanması və s. kimi vacib məsələlərin həlli də qarşıya məqsəd kimi qoyulub. Nəzərdə tutulan bu məsələlərin həlli, şübhəsiz ki, ölkəmizin sosial-iqtisadi proqramlarına dair Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaq.