CƏMİYYƏT


Tibbi Sosial Ekspertiza Komissiyasının həkimini döyməkdə təqsirləndirilən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Bakı, 25 iyun, AZƏRTAC

Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovaya əlillik müddətinin bitməsi ilə bağlı komissiyadan keçirilən Şamayıl Mustafayev tərəfindən iyunun 4-də xəsarət yetirilməsi faktı ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla Şamayıl Mustafayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əyani müayinə otağında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovanın üzərinə hücum edərək yumruq zərbələri ilə qəsdən sağlamlığa yüngül zərər vurduğu və Leyla Seyidovanı onun əlindən ayırmaq istəyən həmin komissiyanın ekspert həkim-oftalmoloq Yusif Bənanyarlıya qarşı müqavimət göstərərək dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi müəyyənləşdirilib.

Faktla bağlı Şamayıl Mustafayev Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.