CƏMİYYƏT


Tibbi maska müəyyən müddət həyatımızın bir parçası olacaq

Bakı, 20 iyun, AZƏRTAC

Biz dəfələrlə müraciət etdik ki, yumşalmaya doğru getmək istəyirik. İstəyirik ki, vətəndaşlar normal sosial həyatlarına qayıtsınlar. Amma bu, tibbi maskasız mümkün olmayacaq. Tibbi maska müəyyən müddət həyatımızın bir parçası olacaq.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, sosial məsafəni, əl gigiyenasını da gözləmək lazımdır: “Qapalı məkanlarda insanların kütləvi toplaşmasına bir müddət yol verilməyəcək. Bəlkə də Bakıda insanlar bu qaydalara nisbətən daha ciddi yanaşır, maskadan istifadə edirlər. Təəssüf ki, rayonlarda sanki virus yoxmuş kimi hərəkət edirlər. Sanki bu virus yalnız Bakıda, Sumqayıtda, Lənkərandadır. Bu, belə deyil. Virus sərhəd, yaş və sosial təbəqə tanımır. Virus bir insandan başqasına yoluxmaqda davam edir. Son vaxtlar əvvəlki aylardan fərqli olaraq asimptomatik xəstələrlə az rastlaşırıq. Orta yaşlı və cavan xəstələrdə çox ciddi fəsadlarla keçən respirator xəstəlik, ikitərəfli pnevmoniyalar görürük. Hər kəsdən vətəndaş məsuliyyəti göstərməyi xahiş edirik. Bu sahədə hamımız bir yerdə mübarizə aparmalıyıq, çünki xəstəliyin müalicəsi olmadığından ancaq ondan qorunmalıyıq. Hər kəs özünü və ailəsini qorumalıdır. Bu mübarizədə başqa yol yoxdur!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.