CƏMİYYƏT
Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı ilə görüş olub.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qarşısının alınmasının, fiziki məhdudiyyətli insanların sağlamlığının bərpasının ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən olduğunu vurğulayıb. Nazir Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək diqqət və qayğısı nəticəsində respublikada bərpa-müalicə müəssisələri şəbəkəsinin genişləndirilməsi, bu sahədə infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətində aparılan işləri diqqətə çatdırıb.
S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, bu sistemdə mütərəqqi beynəlxalq yanaşmaların tətbiqi, reabilitasiya sisteminin əlilliyi olan şəxslərin fəal həyata dönüşünə təminat verə bilən istiqamətdə qurulması üçün aparılan islahatlar barədə məlumat verib. Nazir bu fəaliyyət müstəvisində DST ilə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.
H.Harmancı təmsil etdiyi təşkilatın ölkəmizdə əlilliyin qiymətləndirilməsi və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsinə istinad olunmaqla təkmil əsaslar üzərində qurulmasında dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.