ELM VƏ TƏHSİL
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
Paris, 14 iyun, AZƏRTAC
Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının üzvüyəm. Təşkilatın dəvətinə əsasən Bakı Dövlət Universitetinin 100 illik yubileyinə gəldim. Çox məmnun qaldım.
Bu fikri AZƏRTAC-a müsahibəsində Parisdə UNESKO-nun baş qərargahında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirinə qoşulmuş Tibol Roş söyləyib. O bildirib ki, tədbirin proqramı çox zəngin idi. BDU-nun tarixi, bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verilib. Tədbir iştirakçıları BDU-nu qiyabi də olsa tanıdılar.
“Şərqdə 100 il əvvəl qızlar və oğlanların birgə təhsil aldığı universitetin açılması alqışlanmalıdır. Nümayiş olunan filmdə universitetin yetirmələri ilə tanış olduq. Onların arasında böyük siyasi xadimlər, Nobel mükafatçıları olub. Tədbir emosiyalarla dolu idi. Azərbaycanın gənc istedadlı musiqiçilərinin ifası auditoriyanı valeh etdi. Onlara uğurlar diləyirəm”, - deyə Tibol Roş diqqətə çatdırıb.
Vurğulayıb ki, konsertdə azərbaycanlı bəstəkarların əsərlərindən zövq alıb. Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi böyük təəssürat doğurub.
Tibol Roş dinləyicilərə belə gözəl anlar bəxş etdiyi üçün Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinə təşəkkürünü bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris