CƏMİYYƏT
Ticarət mərkəzlərindəki mağazaların paltardəyişmə otaqlarından oğurluq edən şəxs saxlanılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Nərimanov rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərindəki paltar mağazalarından silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən beş qadın zərərçəkən müxtəlif vaxtlarda həmin ticarət mərkəzlərindəki mağazaların paltardəyişmə otaqlarında çantalarından ümumilikdə 3 min manat pulun və qiymətli şəxsi əşyalarının oğurlanması barədə məlumat veriblər.
Nərimanov Rayon Polis İdarəsinin və 17-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Günel Quliyeva saxlanılıb. G.Quliyevanın etdiyi oğurluqlar mağazaların təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri etiraf edərək bildirib ki, müştəri kimi daxil olduğu mağazaların paltar dəyişmə otaqlarını gəzərək oradan oğurluqlar edib.
Saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan çoxlu sayda qadın çantası və pulqabıları aşkarlanaraq götürülüb. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.
G.Quliyevanın bu qəbildən digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.