ELM VƏ TƏHSİL
Ticarət mərkəzlərinin nəqliyyat xidmətinin ümumi prinsiplərinə dair elmi seminar
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasında elmi seminar keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarda kafedranın baş müəllimi Yeganə Kərimli “İri ticarət mərkəzlərinin nəqliyyat xidmətinin ümumi prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi iri ticarət mərkəzlərinin nəqliyyat xidmətinin təşkilinə, onun ümumi prinsiplərinin elmi cəhətdən araşdırılması məsələlərinə toxunub. Ticarət mərkəzlərinin şəhər strukturunda yeri, iri şəhər ansambllarının və komplekslərinin yaradılmasında rolu diqqətə çatdırılıb. Bildirilib ki, iri ticarət kompleksləri üçün nəqliyyat xidməti məsələsinin həlli kompleksin normal fəaliyyətini təmin etmək, ona bitişik ərazilərə mənfi təsirini azaltmaq məqsədi daşıyır.
Qeyd edək ki, məruzəçinin tədqiqat işində ticarət mərkəzlərinin ərazisinin nəqliyyat karkasının həll olunması, avtodayanacaqların tipləri və onların yerləşdirilməsi, dayanacaqda hərəkətin təşkili və avtomobillərin yerləşdirilmə qaydaları haqqında məsələlər araşdırılıb. Tədqiqatda yekun nəticə olaraq ticarət mərkəzlərinin planlaşdırılmasının əsas çatışmazlıqları üzə çıxarılır və iri ticarət müəssisələrinin nəqliyyat xidmətinin səmərəli təmin olunması üzrə tövsiyələr təqdim edilir.