İQTİSADİYYAT
Ticarət və xidmət obyektlərində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulur
Bakı, 27 dekabr, AZƏRTAC
Ticarət və xidmət obyektlərində yeni nəsil nəzarət-kassa (NKA) aparatlarının mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə nazirliyin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib.
Onun sözlərinə görə, onlayn kassa aparatlarına keçid birdən-birə bütün ölkə ərazisini əhatə etməyəcək. Texniki həllərlə bağlı ayrıca normativ-hüquqi akt hazırlanacaq. Kassa aparatı hər bir əməliyyatı real vaxt rejimində avtomatik vergi orqanına ötürməlidir. Bu funksiyanın təmin olunması üçün variantlar nəzərdən keçirilir, mövcud kassa aparatlarına kiçik qurğu əlavə edilə, yaxud aparatlar dəyişdirilə bilər.
S.Musayeva bildirib ki, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə yanaşı, kassa çekində göstərilməli olan məlumatlarda da dəyişikliklər edilib. Belə ki, istehlakçıların hüquqlarının qorunması məqsədilə NKA çeklərində təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, çekin müvafiq icra hakimiyyəti strukturunun müəyyən etdiyi orqanın elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd və malın sürətli məlumat kodu da əks etdiriləcək.
Nazirlik rəsmisi vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı ictimai məlumatlandırma sisteminin də nəzərdə tutulduğunu söyləyib: “Əgər vergidən yayınma ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır”.