Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 7 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu sənəd “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra ─ Qanun) 4-cü maddəsinə əsasən hazırlanmışdır və Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli (bundan sonra ─ TİT modeli) çərçivəsində həyata keçirilməsi şərtlərini, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələbləri, bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi qaydasını tənzimləyir.

1.2. Bu sənəddə nəzərdə tutulan səlahiyyətli orqanın səlahiyyətlərini “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 867 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

1.3. Bu sənəddə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. müqavilə – investisiya layihələrinin həyata keçirilməsi ilə əlaqədar səlahiyyətli orqanla investor arasında bağlanılan və Qanunun 3.1-ci maddəsində göstərilən investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin (onlara oxşar obyekt dedikdə, obyektlərin əhatə etdiyi qurğular nəzərdə tutulur) tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə edilməsi, təhvil verilməsi üzrə öhdəlikləri özündə əks etdirən yazılı razılaşma;

1.3.2. namizəd şirkət – investisiya layihələrinin həyata keçirilməsinə maraq göstərən rezident və qeyri-rezident hüquqi şəxs, onun filialı və ya daimi nümayəndəliyi;

1.3.3. ilkin texniki-iqtisadi əsaslandırma – investisiya layihəsinin texniki, maliyyə, iqtisadi, icra müddəti, ekoloji, sosial və hüquqi baxımdan icrasının mümkünlüyünü, habelə zəmanətlər də daxil olmaqla risklərin təhlilini və bölgüsünü özündə əks etdirən sənəd;

1.3.4. sahə təşkilatı - öz təşəbbüsü və ya səlahiyyətli orqanın müraciəti əsasında investisiya layihəsinin həyata keçirilməsi üçün təkliflə çıxış edən dövlət orqanı və ya qurumu, habelə dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər;

1.3.5. müsabiqə komissiyası – bu sənədin 5.3-cü bəndinə uyğun olaraq, səlahiyyətli orqanın müsabiqənin təşkili üçün yaratdığı komissiya;

1.3.6. müsabiqə - bu sənədin 5-ci hissəsində nəzərdə tutulan qaydada, TİT modelinə uyğun olaraq, investisiya qoyuluşunu həyata keçirəcək investorun müsabiqə və şəffaflıq prinsipləri əsasında seçilməsi ilə bağlı səlahiyyətli orqanın təşkil etdiyi tədbir.

1.4. Bu sənəddə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və Qanunla müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. İnvestisiya layihələrinin həyata keçirilməsinin şərtləri və investorlar qarşısında qoyulan tələblər

2.1. Sahə təşkilatı öz təşəbbüsü və ya səlahiyyətli orqanın müraciəti əsasında investisiya layihəsi barədə səlahiyyətli orqana təklif təqdim edir. Həmin təklif barədə səlahiyyətli orqanla sahə təşkilatı arasında müzakirələr aparılır və layihənin icrası ilə əlaqədar ilkin razılıq olduğu təqdirdə, investisiya layihəsinin ilkin texniki-iqtisadi əsaslandırmasını sahə təşkilatı hazırlayaraq səlahiyyətli orqana təqdim edir. Səlahiyyətli orqan təqdim edilmiş ilkin texniki-iqtisadi əsaslandırmanı qiymətləndirir və müsbət rəy verilmiş investisiya layihəsinin həyata keçirilməsi üçün investorların cəlb edilməsi məqsədilə bu sənədin 2.4-cü bəndində və 5-ci hissəsində nəzərdə tutulmuş tədbirləri görür. İnvestisiya layihəsinə dair ətraflı texniki-iqtisadi əsaslandırma sənədini müsabiqədə iştirak edən namizəd şirkətlər, layihə-smeta sənədlərini isə qalib şirkət hazırlayır.

2.2. Səlahiyyətli orqan hər hansı investisiya layihəsinin həyata keçirilməsi ilə əlaqədar öz təşəbbüsü ilə də çıxış edə bilər.

2.3. İnvestisiya layihəsinin xüsusiyyətləri nəzərə alınmaqla, həmin investisiya layihəsinə dair, habelə investor qarşısında aşağıdakı məsələlər barədə şərtlər və tələblər müəyyənləşdirilir:

2.3.1. investisiya layihəsinin xarakteri, növü və əhatə dairəsi;

2.3.2. müsabiqədə iştirakla və müqavilənin yerinə yetirilməsi ilə bağlı investorun verməli olduğu təminatın həcmi və şərtləri;

2.3.3. investisiya layihəsinin həyata keçiriləcəyi yer, müqavilə müddəti bitdikdən sonra və müddəti bitməmişdən əvvəl müqaviləyə xitam verildikdə, investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin təhvil-təslim edilməsi üsulu və şərtləri;

2.3.4. investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin tikinti si (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) işlərinin başlanma və başa çatdırılma tarixləri, gecikmə olacağı halda tətbiq ediləcək cərimələr;

2.3.5. namizəd şirkətlərə dair meyarlar (sabit maliyyə sisteminə malik olması, təcrübəsi, maddi-texniki potensialı və s.) və müsabiqədə iştirakla bağlı tələb olunan sənədlərin siyahısı;

2.3.6. investisiya layihəsinin reallaşdırılmasına dair texniki-iqtisadi əsaslandırmaya, fəaliyyət proqramına, habelə namizəd şirkətin maliyyə göstəricilərinə dair tələblər;

2.3.7. idarəetmə prinsipləri və metodologiya barədə tələblər;

2.3.8. müsabiqə təkliflərinin hazırlanmasına, verilməsinə, qiymətləndirilməsinə və investisiya layihəsinin icrasının prosedur və prinsiplərinə dair tələblər;

2.3.9. müsabiqə təkliflərinin etibarsız sayılmasına səbəb olan hallar;

2.3.10. investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə edilməsi, təhvil verilməsi xərclərinin və bütün digər növ xərclərin ödənilməsi mənbələri;

2.3.11. müqavilə müddətinin 49 (qırx doqquz) ili ötməməsi şərtilə müqavilənin müddətinin uzadılmasının mümkün olduğu hallar və müddətin uzadılması şərtləri;

2.3.12. Qanunun 2.0.6-cı maddəsinə və bu sənədin 4-cü hissəsinə uyğun olaraq, xidmət haqqının müəyyən edilməsinin və ödənilməsinin üsulları və şərtləri;

2.3.13. investisiya layihəsinin həyata keçiriləcəyi sahədən asılı olaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tələb olunan lisenziyalar və icazələr, habelə onların kim tərəfindən alınması;

2.3.14. müsabiqə və investisiya layihəsi üzrə mübahisələrin həlli qaydası;

2.3.15. Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, səlahiyyətli orqan tərəfindən zəmanət öhdəliyinin götürülüb-götürülməməsi, əgər götürüləcəksə, onun həcmi və verilmə müddəti;

2.3.16. Qanunun 10.1-ci maddəsinə və “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun veriləcək dövlət zəmanətinin şərtləri;

2.3.17. Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunlarda nəzərdə tutulan şərtlər.

2.4. İnvestisiya layihəsinin növündən və xüsusiyyətlərindən asılı olaraq, konkret investisiya layihəsinə dair, habelə investorlar qarşısında qoyulacaq şərtləri və tələbləri bu sənədin 2.3-cü bəndinə uyğun olaraq müsabiqə komissiyası hazırlayır.

2.5. İnvestisiya layihəsi üzrə investorun seçilməsi məqsədilə səlahiyyətli orqan aşağıdakı üsullardan birini tətbiq edir:

2.5.1. bütün namizəd şirkətlər arasında müsabiqə keçirilməsi;

2.5.2. müəyyən namizəd şirkətlər arasında müsabiqə keçirilməsi;

2.5.3. birbaşa cəlbetmə.

2.6. Bütün namizəd şirkətlər arasında müsabiqənin keçirilməsi həmin şirkətlərə müsabiqədə bərabər və tamhüquqlu iştirak imkanı verir.

2.7. İnvestisiya layihəsinin xüsusiyyətlərindən asılı olaraq, investor bütün namizəd şirkətlər arasında müsabiqə keçirilməsi üsulu ilə deyil, investisiya layihəsinin xüsusiyyətlərinə uyğun təcrübəsi, texniki və maliyyə imkanları olan müəyyən namizəd şirkətlər arasında müsabiqə keçirilməsi üsulu ilə seçilə bilər.

2.8. Bütün namizəd şirkətlər və ya müəyyən namizəd şirkətlər arasında keçirilən müsabiqənin baş tutmuş hesab edilməsi üçün bu üsullarla ilk dəfə keçirilən müsabiqədə ən azı 3 (üç) namizəd şirkət iştirak etməlidir. İlk dəfə keçirilən müsabiqədə namizəd şirkətlərin sayı 3-dən (üçdən) az olduqda, müsabiqə baş tutmamış hesab olunur və ikinci dəfə müsabiqə elan edilir.

2.9. Bütün namizəd şirkətlər və müəyyən namizəd şirkətlər arasında növbəti dəfə müsabiqə keçirilməsi zamanı ən azı 3 (üç) namizəd şirkətin iştirak etməsi tələbi qoyulmur. Bu üsullarla keçirilmiş müsabiqədə investorun müəyyən edilməsi mümkün olmadığı və ya müsabiqə baş tutmadığı təqdirdə, investor birbaşa cəlbetmə üsulu ilə müəyyənləşdirilir.

2.10. Birbaşa cəlbetmə üsulu namizəd şirkətlə səlahiyyətli orqan arasında danışıqlar aparılmasını və danışıqların nəticəsinə uyğun olaraq, müqavilə bağlanılmasını nəzərdə tutur.

2.11. Müsabiqənin qalibi seçildikdən sonra investisiya layihəsinin həyata keçirilməsi üçün investor ayrıca hüquqi şəxs təsis edir. Təsis edilən hüquqi şəxsin fəaliyyətinin predmeti yalnız investisiya layihəsinin həyata keçirilməsi olmalıdır. Həmin hüquqi şəxs digər sahibkarlıq fəaliyyəti növləri ilə yalnız səlahiyyətli orqanın icazəsi ilə məşğul ola bilər.

2.12. İnvestisiya layihəsinə cəlb olunacaq maliyyə vəsaitinin ən azı 20 faizini investor özü ayırmalıdır.

3. Səlahiyyətli orqanla investor arasında bağlanılan müqavilələrin

xüsusiyyətləri və şərtləri

3.1. Müqavilə Qanuna, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunlara, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən hazırlanır və ona aşağıdakı şərtlər daxil edilir:

3.1.1. müqavilənin tərəfləri;

3.1.2. müqavilənin predmeti;

3.1.3. müqavilənin müddəti;

3.1.4. investisiya layihələrinin ümumi prinsipləri;

3.1.5. investorun istehsal edəcəyi mal və xidmətlərin standartları və keyfiyyəti;

3.1.6. müqavilə predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin istismara yararlı vəziyyətdə saxlanılması şərtləri;

3.1.7. investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə edilməsi, təhvil verilməsi xərclərinin və bütün digər növ xərclərin maliyyələşdirilməsi mənbələri və qaydası;

3.1.8. xidmət haqqının və investisiya qoyuluşu nəticəsində istehsal olunan mal və xidmətlərin dəyərinin müəyyən edilməsi üsulları, əməkdaşlıq yardımının (nəzərdə tutulmuşdursa) müəyyənləşdirilməsi şərtləri;

3.1.9. Qanuna və “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun veriləcək dövlət zəmanətinin şərtləri, habelə qarantiya öhdəliyi götürüləcəyi təqdirdə, onun həcmi və müddəti;

3.1.10. investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və istismara qəbul müddəti, idarəedilməyə başlanma tarixi;

3.1.11. investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) müddətində gecikmələr və bu səbəbdən tikinti xərclərində baş verə biləcək maliyyə dəyişiklikləri və tətbiq ediləcək cərimələr;

3.1.12. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq alınmalı olan lisenziyalar və icazələr haqqında məlumatlar;

3.1.13. investorun verəcəyi təminatlar;

3.1.14. investorun verməli olduğu dövri (aylıq, rüblük, illik) fəaliyyət haqqında hesabat, o cümlədən maliyyə hesabatları;

3.1.15. müstəqil auditin keçirilməsinə dair məsələlər;

3.1.16. texniki təhlükəsizlik, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi və təsərrüfat fəaliyyətindən irəli gələn digər tələblər;

3.1.17. fors-major halları;

3.1.18. sığorta;

3.1.19. idarəetmə müddətində texniki xidmət və təmirlə bağlı tələblər;

3.1.20. müqaviləyə xitam verilməsinin əsasları;

3.1.21. müqavilə müddətinin sonunda investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin təhvil-təslim müddəti və qaydası;

3.1.22. müqaviləyə onun müddətinin bitməsindən əvvəl xitam verildikdə, investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin təhvil-təslim müddəti və qaydası;

3.1.23. investisiya layihəsi üzrə kreditlərin cəlb edilməsi şərtləri;

3.1.24. müqavilə üzrə tərəflərin öhdəlikləri, məsuliyyəti və kompensasiyalar;

3.1.25. müqavilə üzrə tətbiq olunacaq normativ hüquqi aktlar və mübahisələrin həlli qaydası;

3.1.26. investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin istismarı ilə bağlı işçilərin təlimi;

3.1.27. müqavilənin hazırlanması üzrə xərclərin ödənilməsi şərtləri;

3.1.28. müqavilədən irəli gələn məsələlərlə bağlı tərəflərin məlumatlandırılması qaydası;

3.1.29. müqavilənin dili;

3.1.30. müqavilədə dəyişikliklər edilməsi qaydası və şərtləri;

3.1.31. investisiya layihəsi üzrə imzalanacaq digər müqavilələr haqqında məlumat;

3.1.32. müqavilənin qüvvəyəminmə tarixi;

3.1.33. Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunlarda, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu sənəddə nəzərdə tutulan digər şərtlər.

3.2. Müqavilə müddəti müqavilənin qüvvəyəminmə tarixindən başlayaraq, investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə edilməsi, təhvil verilməsi müddətindən ibarətdir. Bu müddət fors-major halları və səlahiyyətli orqanın səbəb olduğu hallar da daxil olmaqla, heç bir şəkildə 49 (qırx doqquz) ildən artıq ola bilməz.

3.3. Müqavilənin müddəti müəyyənləşdirilərkən tikinti müddəti, investisiya xərclərinin (əldə ediləcək gəlir daxil olmaqla) və investisiya məqsədilə götürülmüş kreditlərin geri qaytarılması müddəti, habelə layihənin xüsusiyyətləri, investisiyanın məbləği və obyektin idarəolunma prinsipləri nəzərə alınmalıdır.

3.4. Müqavilədə investorun tam maliyyələşdirmək öhdəliyi daşıdığı ümumi investisiya məbləği, qiymət artımı baş verdikdə tətbiq ediləcək indekslər, müxtəlif kreditlərdən istifadə ediləcəyi təqdirdə, onların istifadə ediləcəyi hallar, əlavə maliyyə öhdəlikləri, bu öhdəliklərin təmin edilməsi yolları və istifadə ediləcək bütün növ kreditlərlə əlaqədar məsələlər müəyyən edilməlidir.

3.5. İnvestisiya qoyuluşu nəticəsində istehsal ediləcək mal və ya xidmətlərin əvəzində ödənilməli olan xidmət haqqının müəyyən edilməsi şərtləri, bu sənədin 4-cü hissəsinə uyğun olaraq, müqavilədə nəzərdə tutulur.

3.6. İnvestisiya layihəsini həyata keçirmək istəyən investor səlahiyyətli orqana aşağıdakılarla bağlı təminat verməlidir:

3.6.1. müsabiqədə qalib elan olunduğu təqdirdə müqavilənin imzalanması;

3.6.2. investisiya layihəsinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və istismara qəbul edilməsi ilə bağlı öhdəliklərinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada icrası;

3.6.3. müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada idarəetmə və təhvilvermə ilə bağlı öhdəliklərinin icrası.

3.7. Bu sənədin 3.6-cı bəndində nəzərdə tutulan təminatların məbləğini səlahiyyətli orqan müəyyən edir, həmin məbləğ investisiya layihəsinə dair, habelə investor qarşısında müəyyən edilən şərtlərdə və tələblərdə, eləcə də investorla bağlanılan müqavilədə göstərilir.

3.8. Bu sənədin 3.6.1-ci və 3.6.3-cü yarımbəndlərində nəzərdə tutulan təminatların məbləğini səlahiyyətli orqan müəyyən edir, 3.6.2-ci yarımbəndində nəzərdə tutulan təminatın məbləği isə investisiya layihəsinin dəyərinin 10 faizinədək həcmində müəyyən edilir.

3.9. Bu sənədin 3.6-cı bəndində nəzərdə tutulan təminatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş istənilən formada ola bilər.

3.10. Səlahiyyətli orqan investor tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə monitorinqlər keçirir. Monitorinqlər zamanı aşkarlanan pozuntuları investor müqavilədə müəyyən edilmiş müddətdə aradan qaldırmalıdır. Aşkarlanan pozuntuları investor müqavilədə müəyyən edilmiş müddətdə aradan qaldırmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və bu sənədin 3.1.11-ci yarımbəndinə müvafiq olaraq maddi məsuliyyət daşıyır.

3.11. İnvestor müqavilə müddətində müqavilədən yaranan bütün hüquq və öhdəliklərini səlahiyyətli orqanın razılığı ilə eyni şərtlər əsasında və bu sənəddə müəyyən edilən tələblərə uyğun olan başqa investora tam və ya qismən ötürə bilər. Müqavilədən yaranan hüquq və öhdəliklər başqa investora ötürüldükdə, həmin müqavilə ilə bağlı imzalanmış bütün digər müqavilələr üzrə də hüquq və öhdəliklər həmin investora ötürülmüş hesab edilir. 

3.12. İnvestor müqavilə şərtlərini yerinə yetirmədikdə və ya pozduqda, müflis elan edildikdə və ya ləğv edildikdə, səlahiyyətli orqan, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verir.

3.13. İnvestor investisiya layihələrinin predmeti olan tikinti və infrastruktur obyektlərini və onlara oxşar obyektləri müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra bütün borc və öhdəliklərdən azad, amortizasiya nəzərə alınmaqla, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə, əvəzsiz olaraq səlahiyyətli orqanın idarəçiliyinə verir. İnvestisiya layihələrinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin bu bəndin birinci cümləsində nəzərdə tutulan şərtlərə və müqavilədə müəyyən edilmiş digər tələblərə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün səlahiyyətli orqan təhvil-təslim komissiyası yaradır. Təhvil-təslim komissiyasının yaradılması, onun fəaliyyətinin prosedur və prinsipləri, aşkar edəcəyi çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar şərtlər müqavilədə müəyyən edilməlidir.

3.14. Bu sənədin 3.13-cü bəndində nəzərdə tutulan hallarda səlahiyyətli orqanın müqaviləyə birtərəfli qaydada xitam verməsi nəticəsində investisiya layihələrinin predmeti olan tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin təhvil-təslimi ilə əlaqədar məsələlər, səlahiyyətli orqanın və investorun öhdəlikləri, məsuliyyəti və zərərlərin kompensasiya edilməsinə dair şərtlər müqavilədə müəyyən edilməlidir.

3.15. Müqavilə onun qüvvəyəminməsinə dair göstərilən şərtlər yerinə yetirildikdə qüvvəyə minir.

3.16. Qanunun 2.0.5-ci və 7.2-ci maddələrinə uyğun olaraq, bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin maliyyələşdirilməsi məqsədilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il dövlət büdcəsində səlahiyyətli orqan üçün müvafiq vəsait nəzərdə tutulur. Bu vəsaitin həcminin hesablanması metodikası barədə qaydanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi birgə hazırlayıb təsdiq edirlər.

3.17. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət zəmanətinin verilməsi nəzərdə tutulan müqavilələrin qüvvəyəminmə tarixi zəmanətin verilməsi barədə qərarın qəbuledilmə tarixindən əvvəl müəyyən edilə bilməz. Dövlət zəmanəti barədə qərarı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müsbət rəyi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.

4. İnvestisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi qaydası

4.1. İnvestisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyəri onların növləri, istehlakının və ya istifadəsinin miqdarı, keyfiyyəti, təhlükəsizliyi və digər meyarlar nəzərə alınmaqla, müsabiqə komissiyası ilə investor arasında razılaşmaya əsasən, aşağıdakı metodlarla müəyyənləşdirilir (qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər istisna olmaqla):

4.1.1. xərc üstəgəl mənfəət metodu. Bu halda xərclər milli və ya beynəlxalq mühasibat uçotu standartlarına və prinsiplərinə əsasən müəyyən edilməli və bu zaman ölkə ərazisində analoji mal və xidmətlərin istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə tətbiq olunan meyarlar nəzərə alınmalıdır. Mənfəət isə müvafiq sahə üçün milli və ya beynəlxalq təcrübədə tətbiq edilən gəlirlilik dərəcələri əsasında müəyyən edilməli və bu zaman ölkə ərazisində analoji mal və xidmətlərin istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə tətbiq olunan meyarlar nəzərə alınmalıdır;

4.1.2. mal və xidmətlərin dəyərinin yuxarı həddinin müəyyən edilməsi metodu. Bu metoda əsasən investisiya layihəsi üzrə istehsalı nəzərdə tutulan mal və xidmətlərin bazarda formalaşmış qiymətinə (bazar qiymətinə) investor güzəşt təklif edir və müqavilənin qüvvədə olacağı müddətdə bu güzəşti saxlamaq öhdəliyi götürür. Bazar qiyməti faktiki xərcləri əks etdirmədikdə və ya bazarda analoji qiymət olmadıqda, müsabiqədə ən böyük güzəşt tətbiq etmək öhdəliyi götürülən təklifə qiymət meyarı üzrə ən yüksək bal verilir.

4.2. Müsabiqə komissiyası investisiya layihələrinin xüsusiyyətlərinə uyğun olaraq, bu sənədin 4.1-ci bəndində müəyyən edilən metodlardan birinin və ya hər ikisinin birlikdə tətbiq edilməsinə dair qərar qəbul edə bilər. Bu halda namizəd şirkətlər müsabiqə komissiyasının müəyyən etdiyi metodlara uyğun olaraq müsabiqə təklifi verirlər. Təklifləri qiymətləndirərkən müsabiqə komissiyası bu metodlardan hər hansi birini seçməkdə müstəqildir.

4.3. İnvestisiya layihəsinin xüsusiyyəti nəzərə alınmaqla, müsabiqə komissiyası bu sənədin 4.1-ci bəndində nəzərdə tutulan metodların tətbiqinin uyğun olmadığına qərar verərsə, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyəri digər milli və beynəlxalq qiymətləndirmə metodları, standartları və prinsipləri əsasında müəyyən edilir. Bu qiyməti qəbul edən investora müsabiqə zamanı qiymət meyarı üzrə ən yüksək bal verilir.

4.4. Bu hissənin müddəaları səlahiyyətli orqan tərəfindən əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin müəyyən edilməsinə və ödənilməsinə də tətbiq edilir.

4.5. İnvestisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin bazar dəyəri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müstəqil qiymətləndiricinin tərtib etdiyi hesabat əsasında, müsabiqə komissiyası və investorun razılığı ilə müəyyən edilir.

5. Müsabiqənin keçirilməsi qaydası

5.1. Müsabiqənin təşkilinin məqsədi TİT modelinə uyğun olaraq, investisiya qoyuluşunu həyata keçirəcək investoru səlahiyyətli orqanın müsabiqə və şəffaflıq prinsipləri əsasında seçməsindən ibarətdir.

5.2. Müsabiqənin predmeti müsabiqənin qalibi olan investorla səlahiyyətli orqan arasında müqavilə bağlanılmasından ibarətdir. Müsabiqədə istənilən investor iştirak edə bilər.

5.3. Müsabiqənin təşkilatçısı qismində səlahiyyətli orqan çıxış edir. Səlahiyyətli orqan müsabiqənin təşkili üçün müsabiqə komissiyası yaradır. Hər bir müsabiqə üçün ayrıca müsabiqə komissiyası yaradılır və səlahiyyətli orqanla müsabiqənin qalibi olan investor arasında müqavilə qüvvəyə minənədək fəaliyyət göstərir. Zərflərin açılmasını, iştirakçıların müsabiqə təkliflərinə baxılmasını, təkliflərin qiymətləndirilməsini, həmçinin qalibin müəyyənləşdirilməsini müsabiqə komissiyası həyata keçirir.

5.4. Müsabiqə komissiyasının tərkibi, səlahiyyətli orqanın və investisiya layihəsinin xüsusiyyətlərindən asılı olaraq, sahə təşkilatlarından və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrindən ibarət olur. Müsabiqə komissiyası üzvlərinin ümumi sayı təkrəqəmli olmaq şərtilə, 5 (beş) nəfərdən az olmamalıdır. Müsabiqə komissiyasının sədri və katibi komissiya yaradılarkən səlahiyyətli orqanın nümayəndələrindən təyin olunurlar.

5.5. Müsabiqənin elan edilməsi ilə başlayan və müsabiqənin qalibi olan investorla səlahiyyətli orqan arasında imzalanan müqavilənin qüvvəyə minməsi ilə başa çatan müsabiqə prosesinin müddətini, investisiya layihəsinin xüsusiyyətlərindən asılı olaraq, müsabiqə komissiyası müəyyən edir. 

5.6. Müsabiqə şərtlərini bu sənədin 2.3-cü bəndində göstərilənlərə uyğun olaraq, müsabiqə komissiyası hazırlayır və elan edir. Müsabiqənin keçirilməsinə azı 45 (qırx beş) iş günü qalmış səlahiyyətli orqan öz rəsmi internet saytında, rəsmi dövlət və xarici kütləvi informasiya vasitələrində müsabiqənin keçirilməsi vaxtını, yerini, müsabiqədə iştirak etmək istəyən investorların müsabiqə sənədləri toplusunu alması qaydasını, yerini və vaxtını, müsabiqə təkliflərinin qiymətləndirilmə meyarlarını, habelə müsabiqənin əsas şərtlərini, o cümlədən müsabiqənin qalibi ilə müqavilənin bağlanılması müddətini elan edir.

5.7. Müsabiqə komissiyası müsabiqədə iştirak üçün bu sənədin 2.3.5-ci yarımbəndində nəzərdə tutulmuş meyarlara uyğun gələn investorlara fərdi dəvət göndərir.

5.8. Müsabiqədə iştirak etmək istəyən investor komissiyaya ərizə ilə müraciət edərək müsabiqə şərtləri əks olunmuş sənədlər toplusunu əldə etməlidir.

5.9. Müsabiqə sənədləri toplusuna aşağıdakılar daxildir:

5.9.1. bu sənədin 2.3-cü bəndinə uyğun olaraq, müsabiqə komissiyası tərəfindən investisiya layihəsinə dair, habelə investor qarşısında müəyyən edilən şərtlər və tələblər;

5.9.2. iştirakçılar haqqında məlumat formasının nümunəsi;

5.9.3. müsabiqə təklifləri formasının nümunəsi və təkliflərin qüvvədəolma müddəti;

5.9.4. müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi meyarlarının formasının nümunəsi;

5.9.5. müqavilənin nümunəsi;

5.9.6. müsabiqə təklifinin hesablanmalı və ifadə edilməli olduğu valyuta;

5.9.7. təkliflərin açılması yeri və vaxtı, eləcə də müsabiqənin təşkili ilə bağlı məlumat almaq üçün əlaqələndirici şəxs barədə məlumat.

5.10. İştirakçı müsabiqə təkliflərinin formasını və özü haqqında məlumatı dolduraraq imzalamalı, möhürlə təsdiq etməli, surətini çıxararaq əslini və surətini iki ayrı-ayrı zərfə qoyub zərfləri möhürləməli (zərflərin üzərində əsli və ya surəti ilə bağlı qeydlər edilməlidir) və təqdim edilməli sənədlərlə birlikdə bir zərfə yerləşdirməlidir.

5.11. Təkliflərin təqdim edilməsi üçün müsabiqənin keçirilməsi haqqında elanda müəyyən olunmuş müddətdən gec daxil olan təkliflərə baxılmır, həmçinin bu sənədin 5.10-cu bəndində nəzərdə tutulan müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarını pozmuş iştirakçılar müsabiqədə iştirak etməyə buraxılmırlar.

5.12. İştirakçının müsabiqə təklifini (zərfini) müsabiqə komissiyası qeydiyyata aldıqdan sonra ona hər hansı bir əlavə və ya dəyişiklik edilə bilməz.

5.13. Müsabiqə komissiyasının zərfləri açması, müsabiqə təkliflərinə baxması, onları qiymətləndirməsi, habelə müsabiqə qalibini müəyyənləşdirməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq həyata keçirilir.

5.14. Müsabiqədə iştirak etmək niyyətində olan şirkət müsabiqə təkliflərini təqdim etməmişdən əvvəl müsabiqə sənədləri toplusunda nəzərdə tutulmuş hər hansı bir məsələnin aydınlaşdırılması ilə bağlı müsabiqənin keçirilməsinə ən azı 15 (on beş) iş günü qalmış müsabiqə komissiyasına rəsmi müraciət edə bilər. Müsabiqə komissiyası həmin müraciətləri 7 (yeddi) iş günü ərzində cavablandırmalıdır.

5.15. Zərflər, onların qeydiyyataalınma tarixinə uyğun olaraq, ardıcıllıqla açılır.

5.16. Müsabiqə komissiyasının sədri müsabiqə təklifləri formasının və iştirakçı haqqında məlumatın əsli olan zərfi açır və bütün məlumatları, o cümlədən təqdim olunan sənədləri elan edir. İkinci zərf isə açılmadan müsabiqə komissiyasında saxlanılır. Müsabiqə təklifinə və ona əlavə olunan sənədlərə müsabiqə

komissiyasının üzvləri baxırlar. Müsabiqə komissiyasının üzvləri müsabiqə təkliflərinin hər bir bəndini qiymətləndirərkən, bu sənədin 2.3-cü bəndinə uyğun olaraq, müsabiqə komissiyası tərəfindən investisiya layihəsinə dair, habelə investor qarşısında müəyyən edilən şərtlər və tələblər çərçivəsində hazırlanmış müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilmə meyarlarını rəhbər tuturlar.

5.17. Müsabiqə təklifinə əlavə olunan sənədlər tam təqdim olunmadıqda və ya onlarda aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkarlandıqda və bu çatışmazlıqların aradan qaldırılması müsabiqə təkliflərinin dəyişməsinə təsir etmədikdə, bu barədə iştirakçıya məlumat verilir. İştirakçı həmin çatışmazlıqları müsabiqə komissiyasının müəyyən etdiyi müddətdə aradan qaldıra bilmədikdə, habelə aradan qaldırılması mümkün olmayan və ya müsabiqə təkliflərinin dəyişməsinə təsir edən çatışmazlıq aşkarlandıqda, müsabiqə komissiyasının qərarı ilə iştirakçı müsabiqədən kənarlaşdırılır.

5.18. Bütün zərflər açıldıqdan, müsabiqə təkliflərinə və ona əlavə olunan sənədlərə baxıldıqdan və onlar şərtlərə və tələblərə müvafiq qiymətləndirildikdən sonra müsabiqə komissiyasının üzvləri ayrı-ayrılıqda bütün iştirakçılara dair qiymətləndirmə nəticələrini özündə əks etdirən təkliflərin qiymətləndirilmə meyarlarının formasını imzalamaqla təsdiqləyir.

5.19. Müsabiqə komissiyası hər bir iştirakçının yekun balını müəyyən edir, ümumi yekun balların nəticələrinə əsasən ən yüksək yekun bal toplamış iştirakçı qalib elan edilir və müsabiqənin nəticəsi protokolla rəsmiləşdirilir. Protokolu müsabiqə komissiyasının üzvləri imzalayırlar. Müsabiqənin nəticəsindən narazı olan müsabiqə komissiyasının üzvü xüsusi rəyini əlavə etməklə protokolu imzalamalıdır.

5.20. İki və daha artıq iştirakçı eyni miqdarda yekun bal topladıqda, müsabiqə komissiyası bu sahədə təcrübə, texniki və maliyyə imkanları baxımından daha yüksək göstəriciləri olan iştirakçını müsabiqənin qalibi elan edir.

5.21. Müsabiqə komissiyasının protokolu əsasında səlahiyyətli orqanla müsabiqənin qalibi arasında müqavilə imzalanır. Müqavilə təqdim edildikdən sonrakı 5 (beş) iş günü müddətində müsabiqənin qalibi müqavilənin yerinə yetirilməsi barədə müqavilə dəyərinin 5 (beş) faizi həcmində bank təminatını müsabiqə komissiyasına təqdim edir.

5.22. Tərəflərdən birinin müqavilə bağlamaqdan boyun qaçırmasının və ya müsabiqənin keçirilməsi qaydalarının pozulmasının nəticələri Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu sənədlə tənzimlənir.

5.23. İştirakçının təqdim etdiyi müsabiqə təklifinə baxılmanın və təklifin qiymətləndirilməsinin nəticəsi barədə yazılı cavab almaq hüququ vardır.

6. Səlahiyyətli orqanın TİT modelinin həyata keçirilməsi ilə bağlı səlahiyyətləri

6.0. Səlahiyyətli orqanın TİT modelinin həyata keçirilməsi ilə bağlı aşağıdakı səlahiyyətləri vardır:

6.0.1. TİT modelinin inkişafı ilə bağlı tədbirlər həyata keçirmək;

6.0.2. müqavilələrin icrasına nəzarət etmək və qiymətləndirmək;

6.0.3. investorların fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək;

6.0.4. Azərbaycan Respublikasının Maliyyə Nazirlyi ilə birlikdə bu sənədin 3.16-cı bəndində nəzərdə tutulan vəsaitin ayrılması üçün tədbirlər görmək, eləcə də investorlara münasibətdə dövlətin maliyyə öhdəliklərini hesablamaq, riskləri və onların bölgüsünü qiymətləndirmək;

6.0.5. xərc əməliyyatları zamanı təsdiqedici sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmasına nəzarət məqsədilə, bu sənədə uyğun olaraq, namizəd

şirkətlərin müsabiqə komissiyasına təqdim etdikləri sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müsabiqə komissiyasının üzvü olan nümayəndəsi vasitəsilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərmək;

6.0.6. qalib şirkətlə imzalanması nəzərdə tutulmuş investisiya müqavilələrinin layihələrini, qalib şirkətin hazırladığı texniki-iqtisadi əsaslandırmanı və layihə-smeta sənədlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaq, müqavilələr imzalandığı tarixdən 5 (beş) iş günü müddətində onları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

6.0.7. Qanunla və bu sənədlə müəyyən edilən digər vəzifələri həyata keçirmək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin