REGİONLAR
Tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir
Naxçıvan, 28 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Naxçıvan Sement Zavodu Məhdud Məsuliyyətli Cəmiyyətində və Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində dövlət nəzarəti həyata keçirilib və maarifləndirici söhbət aparılıb.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, maarifləndirmə tədbirinin məqsədi burada istehsal olunan inşaat materiallarının istifadədən öncə keyfiyyətə nəzarət üzrə məsul şəxslər və laboratoriya mütəxəssisləri tərəfindən mütləq şəkildə sınaqdan keçirilməsinə və istehsal prosesində məhsulların keyfiyyət göstəricilərinin yoxlanılmasına nəzarətin gücləndirilməsindən ibarət olub.
Qeyd edilib ki, tikinti materiallarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər qanunvericiliklə beynəlxalq təşkilatların ölkə ərazisində qüvvədə olan müvafiq standartları və həmçinin dövlət standartları ilə tənzimlənir. Bunun üçün müasir avadanlıqların quraşdırıldığı laboratoriyada təcrübəli kadrlar işləyir və burada müayinələrin vaxtında və keyfiyyətlə aparılması üçün hər cür şərait vardır. Hazırda zavodda istehsal olunan sement, sönmüş əhəng, astar və üzlük suvaq gipsləri, kartonpiyer gipsləri, gips əsaslı gips karton lövhə, məsaməli beton blokları yüksək keyfiyyət standartlarına uyğundur və istehlakçıların tələbatlarına tam cavab verir. Bütün bunlar inşaat materialları istehsalı sahəsində yüksək texnologiyaların tətbiqi nəticəsində mümkün olub.
Sonda istehsal olunan məhsullardan götürülmüş nümunələrin sınağı aparılıb.