REGİONLAR
Tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər görülür
Naxçıvan, 22 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi davam etdirilir.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görülmüş işlərin davamı olaraq muxtar respublika ərazisində 2021-ci ildə tikintisi və yenidənqurulması nəzərdə tutulmuş 26 obyektin tikinti sahəsində mühəndis-geoloji tədqiqat işləri aparılıb. Obyektlərin həcm və mərtəbə sayından asılı olaraq tikinti sahələrində şurflar açılmış müəyyən dərinliklərdən qrunt nümunələri götürülüb. Hər bir tikinti sahəsinin geoloji-litoloji kəsilişləri nəzərə alınmaqla, mühəndis-geoloji elementlər müəyyənləşdirilib.
Götürülmüş nümunələrin laboratoriyada analizi aparılıb, mühəndis-geoloji işlərin nəticələri haqqında hesabat və rəylər hazırlanıb. Tədqiqat işlərinin aparılması və mühəndis-geoloji hesabatların hazırlanması normativ sənədlərin tələblərinə uyğun həyata keçirilib. Aparılan tədqiqat işlərinin əsas məqsədi tikinti sahəsinin geoloji-litoloji quruluşunu, hidrogeoloji şəraitini dəqiqləşdirməkdən və qruntların fiziki-mexaniki xassələrini öyrənməkdən ibarət olub.
Qeyd edək ki, tikinti obyektləri konstruktiv həllər, texnogen və təbiət təsirləri baxımından hər zaman potensial təhlükə mənbəyi olduğundan, onların dayanıqlılıq və etibarlılığının təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.