MƏDƏNİYYƏT
Timur Əsgərovun iştirakı ilə Mariya Teatrında “Yay gecəsində yuxu” baleti oynanılacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında F.Mendelsonun “Yay gecəsində yuxu” baleti nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Oberon obrazını Timur Əsgərov ifa edəcək.
Baletin dünya premyerası 1962-ci ildə Nyu-Yorkda olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2012-ci ildə oynanılıb.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.