İDMAN
Tin Srbiç: Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb
Bakı, 13 mart, AZƏRTAC
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanacağıma ümid edirəm.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri xorvatiyalı gimnast Tin Srbiç deyib.
Gimnast qeyd edib ki, qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Azərbaycana ikinci dəfədir gəlirəm. Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb. Arena çox böyükdür, çoxlu tamaşaçı gəlib yarışlara baxa bilər. Xorvatiyada zallarımız çox kiçikdir.
Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG dünya kuboku yarışları keçiriləcək. Dördgünlük turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar uğrunda isə 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparacaq.