İQTİSADİYYAT
“Titan” robotu MDB ölkələri arasında ilk dəfə Bakıda nümayiş olunur VİDEO
Bakı, 2 dekabr (AZƏRTAC). MDB ölkələri arasında ilk dəfə olaraq “Titan” robotu məhz dekabrın 2-də Bakı Sərgi Mərkəzində açılan “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, “Titan” robotu Bakıdan əvvəl Tokioda, Vankuverdə və dünyanın digər şəhərlərində nümayiş etdirilmişdir. Bundan əlavə, robot Əbu-Dabidə “Qran-pri Formula 1” yarışında (“ABU DHABI F1 GRAND PRIX”) qonaq olmuş və iri şirkətlərin, eləcə də məşhur brend və markaların təqdimatlarında iştirak etmişdir. “Titan” robotu super ulduz Rihannanın konsert turnesinə də qatılmış, Uill Smit, Ceki Çan, Adam Sandler, Stiv Karel kimi dünyanın məşhur aktyorlarının çəkildikləri bir sıra filmlərdə rol almışdır.
Robot, həmçinin məşhur “Canlı polad” (“Real Steel”) döyüş filminin epizodik obrazı olaraq Hyu Cekman və rejissor Şavn Levi ilə birlikdə bu filmin premyeralarında iştirak etmişdir. “Titan” Böyük Britaniyanın ən reytinqli “Daybreak” səhər televiziya şousunun tez-tez qonağı olur, eləcə də aparıcı Polyanna Vudvord ilə birlikdə “The Gadget show” proqramının çoxsaylı buraxılış və səhnələrində iştirak edir. Robot bir neçə dəfə “BBC” kanalında da şouların qonağı olmuşdur.
Bütövlükdə 2,5 metr hündürlüyü olan “Titan” robotunun ABŞ-dan hava nəqliyyatı ilə daşınması “Hummer” markalı bir neçə hərbi avtomobilin daşınması ilə eyni qiymətə başa gəlir.
Həm hərəkət edən, həm də insanlarla dialoq quran bu nəhəng robot sərgi iştirakçılarının və ziyarətçilərinin böyük marağına səbəb olmuşdur.