DÜNYA
“Titanik”də yazılan məktub Böyük Britaniyada rekord məbləğə satılıb
Bakı, 23 oktyabr, AZƏRTAC
“Titanik”in göyərtəsində yazılan məktublardan biri hərracda rekord məbləğə - 126 min funt-sterlinqə (təxminən 166 min dollar) satılıb. Məktub hərraca 60-80 min funt-sterlinq start qiyməti ilə çıxarılıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, əfsanəvi laynerin sərnişinlərinin biri, amerikalı biznesmen Oskar Holverson tərəfindən yazılan məktub öz anasına ünvanlanıb. Həmin məktubun 1912-ci il aprelin 13-də - Belfast tərsanəsində tikilən transatlantik laynerin aysberqlə toqquşmasından bir gün öncə yazıldığı bildirilir.
Üzərində dəniz suyunun izləri qalan bu tarixi sənəd Uiltşir qraflığında “Henry Aldridge & Son” hərracında Britaniyalı alıcıya satılıb.
Məktubun müəllifi, sahibkar Oskar Holverson “Titanik”də həyat yoldaşı Meri ilə səyahət edirmiş. Oskar qəza nəticəsində həyatını itirsə də, Meri sağ qalıb. Oğulun anasına yazdığı məktub uzun illər sonra ünvanına yetişib.