CƏMİYYƏT
Tofiq Ağahüseynov: Polis Günü Azərbaycanın hər bir vətəndaşının bayramıdır
Bakı, 2 iyul, AZƏRTAC
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək həm Cümhuriyyət, həm də Sovet İttifaqı dövründə şərəfli missiyasını layiqincə yerinə yetirib, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq, daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, böyük təcrübə qazanaraq daha da möhkəmlənib. Polis Günü Azərbaycanın hər bir vətəndaşının bayramıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun Polis Günü münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə təbrik məktubunda qeyd olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları əməkdaşları bu gün peşə bayramlarını yüksək səviyyədə qeyd edirlər.
“Polisin şanlı tarixinin ən mühüm mərhələləri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin “Azərbaycan polisi gününün təsis edilməsi haqqında” 1998-ci il 24 may tarixli Fərmanına əsasən məhz bu tarixi gün hər il respublikada Polis Günü kimi qeyd olunub. İllərin danılmaz həqiqətlərindən biri də budur ki, artıq heç bir qüvvə daxili işlər orqanlarına Vətənə xidmət borcunu yerinə yetirməkdə mane olmaq iqtidarında deyil. Azərbaycan Polisi peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara da uyğunlaşdırılır. Bu çətin günlərdə biz hamımız vətəndaşlarımızın sağlamlığı naminə onların atdığı qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinin və peşəkarlığının şahidi oluruq”, - deyə T.Ağahüseynov vurğulayıb.