İDMAN


“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Tokio, 23 iyul, AZƏRTAC

İyulun 23-də Bakı vaxtı ilə saat 15:00-da “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi başlayıb.

AZƏRTAC xəbər verir ki, dördilliyin zirvə yarışının açılış mərasimi Tokio Olimpiya Stadionunda keçirilir. Pandemiya ilə əlaqədar azarkeşlərsiz keçirilən “Tokio-2020”nin açılış mərasiminin komandaların paradı hissəsində nümayəndə heyətləri məhdud tərkibdə iştirak edəcəklər.

Qeyd edək ki, Tokionun XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi haqqında qərar 2013-cü il sentyabrın 7-də BOK-un Argentinada keçirilən 125-ci sessiyasında qəbul olunub. Yaponiyanın paytaxtı səsvermədə İstanbul və Madrid şəhərlərini qabaqlayıb. Tokioda 1964-cü ildə də Yay Olimpiya Oyunları keçirilib.

XXXII Yay Olimpiya Oyunlarının ötən il iyulun 24-dən avqustun 8-dək keçirilməsi planlaşdırılırdı. Lakin dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar BOK 2020-ci il martın 24-də Olimpiadanın bir il təxirə salınması barədə qərar qəbul edib. Cari il martın 30-da Olimpiadanın yeni tarixi müəyyənləşib.

Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparacaq. Proqrama karate, sörfinq, dırmanma və skeytbordinq yeni daxil edilib. Medalların sayı ötən Olimpiada ilə müqayisədə 33 dəst çoxdur.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

“Tokio-2020”də ən böyük heyət ABŞ komandasına məxsusdur. Yarışda ABŞ-ı 613 atlet təmsil edəcək. Andorra, Bermud Adaları, Bruney, Dominik, Lesoto, Mavritaniya, Marşal Adaları, Nauru, Somali, Tuvalu, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan 2 idmançı ilə təmsil olunur. Dördilliyin zirvə yarışında, həmçinin qaçqınlardan ibarət və BOK-un komandaları iştirak edir.

Turnirin ən az yaşlı idmançısı suriyalı Hend Zazadır. On iki yaşlı idmançı stolüstü tennis yarışlarında gücünü sınayacaq. Ən yaşlı idmançı – 66 yaşlı avstraliyalı Meri Hanna isə atçılıq yarışlarında mübarizə aparacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.