İDMAN


“Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarına qatılan idmançılar ilk gündən məşq edə biləcəklər

Tokio, 26 aprel, AZƏRTAC

Yaponiya hökuməti “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarına qatılan idmançılara və onların məşqçilərinə müəyyən edilmiş qaydalara əməl olunması şərti ilə ölkəyə gəldikləri ilk gündən məşq etmələrinə icazə verə bilər.

AZƏRTAC xəbər verir ki, hazırda Yaponiyanın hökumət məmurları və Tokio Olimpiadasının təşkilatçıları koronavirusun daha təhlükəli variantlarının yayılmasının qarşısını almağın yollarını araşdırırlar.

Hökumət strukturları idmançıların və məşqçilərin ölkəyə gəlməzdən 96 saat əvvəl iki dəfə, daxil olduqdan sonra isə gəldikləri aeroportda test vermələrini tələb edəcəklər. Prinsip etibarı ilə, həmin şəxslər Yaponiyaya gəldikdən sonra virusun təyin olunması məqsədilə hər gün test verməlidirlər.

Yaponiya hökuməti bildirib ki, ölkəyə daxil olan idmançılar və onların məşqçiləri öz fəaliyyət dairələrini yaşadıqları ərazi, məşq yerləri və tədbirlərin təşkil olunduğu obyektlərlə məhdudlaşdırmalıdırlar. Onlardan, həmçinin fəaliyyət planı, getmək istədikləri yerlər, nəqliyyat vasitələri və özlərinin səhhəti barədə yazılı informasiya vermələri də tələb olunacaq.

Bununla yanaşı, hökumət idmançılardan və kütləvi-informasiya vasitələrinin nümayəndələrindən ölkəyə gəldikdən sonra 14 gün ərzində özlərini təcrid etmələrinin mümkünlüyü barədə də xahiş etməyi planlaşdırır. Bildirilir ki, əgər bu, Oyunların təşkilinə mənfi təsir göstərərsə, kənar yerlərə getməmək şərti ilə özünü təcrid müddəti bir gündən üç günədək qısaldıla bilər.

Yaponiya hökuməti bəyan edir ki, idmançılar və digər maraqlı şəxslər bu qaydaya əməl etməyəcəkləri təqdirdə, onlar ya 14 gün ərzində öz yaşayış məskənlərində qalmağa məcbur ediləcək ya da onların Oyunlarda iştirakı ləğv olunacaq.

Bununla yanaşı, Yaponiya hökumətinin əlavə antivirus tədbirlər ilə bağlı Tokio administrasiyası və Oyunların təşkilat komitəsi ilə aprelin 28-də son müzakirələri aparacağı da bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.